Azərbaycan xalqı xoşbəxt xalqdır ki…
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə zəfər yolunu inamla davam etdirir

Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” dedi və prezident kimi fəaliyyətində verdiyi sözə əməl etdi. Bununla da bəslənən ümüdləri tam doğrultdu. Elə bu səbəbdən 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də xalq Ulu Öndərin layiqli varisini var qüvvəsi ilə dəstəklədi.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib ki, Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu. Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu hədəflərə nail oldu. Həmin yola qısa nəzər salaq.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda nələrin şahid olmadıq ki? Hər şeydən əvvəl, xalqın sosial rifahının yaxşılaşdırılmasına… Belə ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım oldu. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatdırıldı. Minimum pensiya 14 dəfə artırılaraq 280 manat, orta aylıq pensiya 18 dəfə artaraq 435 manat, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manat, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manat, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manat təşkil etdi. Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatdı. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2,4 mlrd. manat ( 70 faiz) artım oldu. Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatı, onlara minik avtomobillərinin verilməsi, reabilitasiya mərkəzləri şəbəkəsinin qurulması diqqət mərkəzində oldu. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nələrə nail oldu? Azərbaycan bu illərdə dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanındı. Bakı “Eurovision” mahnı müsabiqə¬sinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa, o cümldən bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etdi. Hətta bu gün Şuşada, Zəngilanda da belə beynəlxalq səviyyəli tədbirlər keçirilir.

Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda nələrin şahid olmadıq ki? Ölkəmiz beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi iistiqamətində böyük nailiyyətlər əldə etdi. 2011-ci ilin oktyabrında Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 2012-ci ilin mayında Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirildi. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatınınüzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb oldu. 21-ci əsrdə dünyanın ən böyük pandemiyası – COVİD-in yayılması zamanı Azərbaycanın təşəbbüsləri və atdığı praktiki addımlar – Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nələrə nail oldu? Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən enerji strategiyası nəticəsində Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı daha da genişləndi. Enerji təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyəti artdı. Enerji ixracının artırılması məqsədilə Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu anlaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını 2 dəfəyə qədər artıraraq 20 milyard kubmetrə çatdıracaq. Artıq bu proses başlayıb və 2022-ci ildə ümumilikdə Avropaya 8 milyard kubmetr qaz ixrac edilmişdisə, bu il 12 milyarda qədər artırılacaq. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar dünyanın ən böyük dövlətlərinin başçıları tərəfindən də yüksək qiymətləndirildi.
Bəli, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir sıra transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, həmçinin, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avro¬paya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri və s. ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirdi. Üstəlik, ölkəmiz “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyk¬ləri ilə dünya¬nın məhdud saylı kosmik ölkələri sırasında yer aldı.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nələrə nail oldu? 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsi oldu. Məhz İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa edildi. İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nələrə nail oldu? Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu Qələbə sayəsində regionda yeni geostrateji reallıqlar yarandı. Bu gün isə Prezident İlham Əliyev bölgədə sülhün, əmin-amanlığın bərqərar olması istiqamətində inamlı addımlar atır.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nələrə nail oldu? Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dünyanı heyrətə gətirəcək işlərə imza atıldı. Məhz bu proqram çərçivəsində Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı istifadəyə verildi, Laçın rayonunda hava limanının tikintisinə başlanıldı. Elə bu Proqram çərçivəsində 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqləndi və 30 kəndin təməli qoyuldu. Özü də “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Bəli, məhz bu Proqram və onun icrası artıq imkan verdi ki, keçmiş məcburi köçkünlər Laçın, Füzuli şəhərilərinə də, Zəngilanın Ağalı, Tərtər rayonun Talış və Laçın rayonunun Zabux kəndlərinə qayıtsınlar. Artıq 2300-dən çox məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti mərhələlərdə digər şəhər və rayonlarımız da əzəli sahiblərinə qovuşacaqlar. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün evlərinə qaytarılacaq. Yeri gəlmişkən qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün bu məqsədlə planlaşdırdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.
Bəli, son 20 ildə Prezident İlham Əliyevin sayəsində Azərbaycanda misli-bərabəri olmayan işlərə imza atıldı. Onları isə sayıb-qurtarmaq mümkün deyil. Bununla da o, xalqımıza çox sevinclər yaşatdı.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Bu gün əminliklə demək olar ki, Preziden İlham Əliyevi bundan sonra da ölkəmizi zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

