Prezident İlham Əliyevin əsas istinad nöqtəsi Azərbaycan xalqının ən böyük nailiyyəti olan müstəqillikdir
Son 20 il dövlətçilik tariximizə silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri kimi yazıldı
Güclü lider modeli müasir müstəqil Azərbaycanın güc mənbəyidir

Siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirməkdir. Milli Liderin dünyagörüşü, hadisələrə real yanaşması, həyat təcrübəsi, siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirir, ən çətin məqamlarda düzgün seçim etməyə imkanlar yaradır. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qətiyyətli, yenilikçi Prezidenti var. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını şərtləndirən amillər sırasında məhz dövlətinin gələcəyini düşünən və təkmil inkşaf modeli ortaya qoyan Liderinin olması xüsusi yer tutur.
Bu gün dünya ölkələrində vəziyyəti təhlil edərkən belə bir reallıq özünü aydın şəkildə nümayiş etdirir ki, dövlətlərə rəhbərlik edən şəxslər 4-5 il müddətinə hakimiyyətə gəlir, öz vəzifələrini müəyyən dərəcədə icra edir, sonra isə siyasi arenadan, dövlət idarəçiliyindən çəkilir və unudulurlar. Bu gün dünyada prezidentlər, baş nazirlər var, amma öz xalqlarını ardınca apara biləcək, onu öz amallarına qovuşduracaq əsl liderlər yox dərəcəsindədir.

Azərbaycanın timsalında isə müstəqilliyimizin bərpasının xaos, anarxiya, özbaşınalıqla müşayiət olunan ilk illərini nəzərə almasaq, qeyd edə bilərik ki, 1993-cü ildən ölkəmiz dünyaya təkmil inkişaf modelini təqdim edib və əksər dövlətlər ölkəmizin bu təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını, daha dəqiq desək, Azərbaycan inkişaf modelinin mənimsəməyin vacibliyini bildirirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir zaman kəsiyində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə öz müstəqil dövlətini qurub və bu gün Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.
Dövlət başçısı İlham Əliyevin 2020-ci ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Ona ünvanlanan suallara cavabı ümumilikdə Azərbaycan dövlətinin gələcəyə hesablanan siyasətinin təqdimatı oldu. Onu da qeyd edək ki, Azərbaycan Davos Dünya İqtisadi Forumunun hesabatlarında liderliyini qoruyur. Ən əsası ənənəvi olaraq Davosda keçirilən bu Foruma 2013-cü ildə istisna hal kimi Azərbaycanın ev sahibliyi ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamışdır.
2020-ci ildə keçirilən iclasda “İndi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» sualına Prezident İlham Əliyevin cavabı belə olmuşdur ki, onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdə, startup biznesindədir. Gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir.
Dövlət başçısı bu məqamı da diqqətə çatdırmışdır ki, Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.
Ümumilikdə Prezident İlham Əliyevin hər bir çıxışı, müsahibəsi özünəgüvənliyin, müstəqil siyasətin və hadisələrə real yanaşmanın təqdimatı olur. Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək əsas hədəflərdəndir.
Ümumilikdə bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır.
Azərbaycan inkişafın müasir modelini təqdim edir

Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən bu çağırışı etdi: “Neft kapitalını insan kapitalına çevirək!” Eyni zamanda, dünya təcrübəsinə istinadən bu reallığı da diqqətə çatdırdı ki, əgər inkişaf etmiş ölkələrə diqqət yetirsək görərik ki, onları inkişaf etdirən, elmdir, təhsildir, yeni texnologiyalardır.
Bu üç amilin vəhdətinin yaradılması dayanıqlı inkişafı təmin edir. Cənab İlham Əliyev iqtisadiyyatın inkişafında əsas faktor olan nef-qaz amilini xüsusi önə çəkir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. İqtisadiyyatın inkişafında neft amilinə önəm verilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, bu addım ölkəmizə yeni dostlar, tərəfdaşlar qazandırdı. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ulu Öndər Heydər Əliyev bu çağırışı edirdi ki, neft xalqın ən böyük sərvəti olub, yalnız indiki deyil, gələcək nəsillərə mənsubdur. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması məqsədilə Dövlət Neft Fondunun yaradılması da Ümummilli Liderin uzaqgörən siyasətinin nəicəsidir. Azərbaycanın enerji sektorunda bütün hədəflərə nail olduğunu önə çəkən Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini bildirdi. Yeni texnologiyaların inkişafı və tətbiqi məsələsi daha da aktuallaşdı. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi, həmin ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və sair kimi mühüm addımlar Azərbaycanın yeni texnologiyaların inkişafına verdiyi önəmə bir daha işıq saldı. Azərbaycan 10 ildən artıqdır ki, kosmik ailənin fəal üzvüdür. Üç kosmik peyki var.
Ümummilli Liderin ənənəsini uğurla davam etdirərək gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramı qəbul edildi və icrasıs uğurla başa çatdırıldı. Bilikli, müasir dünyagörüşünə, yeni texnologiyaları öyrənən və tətbiqini bacaran gənclərin yetişdirilməsi günümüzün əsas çağırışları sırasındadır. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi, 100-dən artıq ölkədən beş mindən çox nümayəndənin qatıldığı 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın bu sahədə imkanlarının təqdimatında öz sözünü dedi. Azərbaycanın 50 ildən sonra ikinci dəfə belə bir mötəbər tədbirə ev sahibliyi etməsi böyük şərəfdir. Tədbirdəki çıxışlarda Azərbaycanın yeniləşməyə, təkmilləşməyə açıq ölkə olduğu təqdir edildi.

Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması, Beynəlxalq Müdafiə Sərgisinə ev sahibliyi etməsi, dünyanın yeni xarici siyasətinin ölkəmizdə müzakirə olunması və sair kimi sadalamaqla bitməyən uğurlarımız respublikamızın innovasiyalar ölkəsi kimi nüfuz qazanmasını şərtləndirir. Azərbaycanın ötən il “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyini xüsusi qeyd etmək istərdik. Bütün bunlar cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən bütün sahələrdə yeniliklərin, yeni təcrübənin Azərbaycana gətirilməsi çağırışının reallıqda təsdiqidr. Azərbaycan bu gün yenilikləri ilə dünyanın diqqətindədir. “ASAN xidmət”, DOST layihələri beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycanın 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi də ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi idi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Forumdakı çıxışında bildirmişdir ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsindən, vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir.
“ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir araya gətirildi. “ASAN xidmət” dərhal əhali arasında o qədər populyarlaşdı ki, uğurun davamı olaraq göstərilən xidmətlərin sayı və növü artırıldı və “ASAN xidmət”in coğrafiyası genişləndirildi.
Beynəlxalq hüquqa əsaslanan xarici siyasətimiz Azərbaycanı söz sahibinə çevirdi

Dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər quran Azərbaycanın ikitərəfli əməkdaşlıqda qazandığı uğurlar göz qabağındadır. Mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas elementləridir. Ötən dövrdə dostlarımızın sayı çoxalıb, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olunub. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Həmçinin 2019-2023-cü illərdə 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatına sədrlik edir. Onu da qeyd edək ki, ölkəmizin quruma sədrliyi ötən il başa çatmalı idi. Amma üzv dövlətlərin yekdil qərarı əsasında müddəti bir il də uzadıldı. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Azərbaycanın quruma sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin genişləndirildiyi bir vaxta təsadüf edir. Ölkəmizin təşəbbüsü ilə öncə Türk Şurasının, sonra Qoşulmama Hərəkatının pandemiya ilə bağlı Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal məsələlərin həllində liderliyini təsdiqlədi. Ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Azərbaycan həmçinin dünyanın enerji təhlükəsizliyinin təminatında əsas aktordur. Ölkəmizin təşəbbüsçüsü olduğu qlobal enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Təbii ki, bir yazıda 20 ilin xarici siyasət uğurlarını tam əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan ədalətin və beynəlxalq hüququn yanındadır, müstəqil siyasət həyata keçirir. Azərbaycan regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfə verib. Hazırda ölkəmizin türk dünyasının birliyinə töhfələri dünyanın diqqətindədir. Azərbaycan hər il müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu və digər tədbirlərin məkanı ona görə Bakıdır ki, Azərbaycan güclü beynəlxalq nüfuza malikdir, regionda və dünyada əsas sabitləşdirici faktordur.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin nəticəsidir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər böyük Qələbəni şərtləndirdi və dövlətimiz 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. 27 il kağız üzərində qalıb saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi. 44 günlük İkinci Qarabağ müharibəsindən öncə Aprel döyüşləri, Naxçıvan qələbələri bir daha ordumuzun nəyə qadir olduğunun göstəricisi idi. 2019-cu il oktyabrın 3-də Prezident İlham Əliyev Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın regionda vəziyyətin gərginləşməsinə xidmət edən, nizamlama prosesinə ciddi zərbə vuran, Ermənistanın bugünkü rəzil və rüsvayçı vəziyyətinə gətirib çıxaran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavabında bildirdi ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu bəyanat bir il sonra öz təsdiqini tapdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən, Ermənistanın biabırçı kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsi kimin haqlı, kimin haqsız olduğunu təsdiqlədi. Vətən müharibəsində Zəfərimiz cənab İlham Əliyevin adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı.

Tarixi Zəfərimizdən üç il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması növbəti zəfərimiz oldu. Ümumiyyətlə, bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz möhtəşəm nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə bir sutkadan az vaxtda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi kimi çağdaş tariximizə düşdü. Bu, bir daha göstərdi ki, ölkəmiz regionda sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident, özünü yenilməz sərkərdə kimi təsdiq etmiş Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, xalqımızın dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşməsinin təqdimatı oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərksilah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam şəkildə bərqərar oldu. Separatçılardan təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması böyük qürur və tarixi hadisədir.
Hazırda işğaldan azad edilmiş ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Bu torpaqlarımızda aparılan işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün xoşbəxtdirlər.
“İki sahil”in analitik qrupu

