Cəmiyyət 

Şikayət çox, baxan yox.

Yaxud Qarabağ Regional Mədəniyyət İdarəsində nə baş verir

Müstəqil dövlət olaraq bizim gücümüz sarsılmaz birliyimizdədir. Müstəqillik tariximizin müxtəlif məqamlarında bu monolit birlik çətin sınaqlardan uğurla çıxıb, qələbələrimizin mayası, etibarlı təməli olub.
Götürək son 20 ili. Bu dövrün sosial-iqtisadi yüksəlişində, 30 il erməni işğalında qalan Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması missiyasının şərəflə reallaşdırılmasında xalq-dövlət birliyinin yenilməz güc olduğu inkaredilməzdir. Xalq dövlətinə, Prezidentinə inanır, güvənir, etibar edir, dövləti idarə edən rəhbər isə doğma vətəninə, qədirbilən xalqına vətəndaş yanğısı ilə xidmətdən qürur duyur. Bu aydın mövqeyini yüksək tribunalardan dəfələrlə bəyan edən Prezident İlham Əliyevin bir deyimini xatırladaq: “Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”.
İndi isə mətləbə keçək. Məlumdur ki, ölkə həyatının bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatların davamı olaraq Azərbaycanda regional mədəniyyət idarələri yaradılmışdır. Onlardan biri də Qarabağ Regional Mədəniyyət İdarəsidir. İdarə Xankəndi ilə birlikdə Qarabağın 8 rayonunu əhatə edir. Bu sahədə həyata keçirilən islahatların hədəfi Azərbaycanın mədəniyyətinin, incəsənətinin inkişafını sürətləndirmək, əhaliyə göstərilən mədəni xidməti daha yaxşı təşkil etmək, yerlərdə incəsənət sahələrində istedadı olan gənc və yeniyetmələri aşkar edib onlara qayğı və diqqət göstərmək, eyni zamanda sıralarında çalışan minlərlə vətəndaşın üzləşdiyi çətinlik və problemləri operativ və mövcud qanunvericiliyin tələbləri çərçivəsində ədalətli həll etməkdir. İnsafən bu gözləntilər özünü əksər bölgələrdə doğruldur, sözügedən sahə ilə təmasda olan hər kəsdə məmnunluq yaradır.
Ancaq təəssüf ki, bu məmnunluq Qarabağ Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi ərazilərdə hiss olunmur. Ağcabədi şəhərində yerləşən idarəyə hər gün çox sayda insanlar müraciət edir. Yaxın-uzaq rayonlardan gələnlərin problemlərini həll etmək üçün döydükləri qapını onların üzünə açan olmur. 50-80 kilometr, bəlkə də daha çox məsafə qət edib gələn, vaxtını itirən, müəyyən vəsait xərcləyən vətəndaş kor-peşman, narazı geri dönmək məcburiyyətində qalır.
Hər gün daha da artan, çoxalan şikayətlərin fonunda regional idarəyə baş çəkməyi vacib bildik. Niyyətimiz idarənin rəisi Qalib Həsənovla görüşmək, artan narazılıqların, çoxalan şikayətlərin səbəbini öyrənmək idi. Təəssüf ki, iş vaxtı olsa da, başqaları kimi biz də rəisi iş yerində tapa bilmədik. Amma məlumatsız, suallarımıza cavab almadan qayıtmaq fikrimiz də yox idi. Bu səbəbdən rəis müavini Elçin Cəfərovla görüşmək istədik. Mühafizəçilər bildirdilər ki, o, məşğuldur. “Eybi yox” deyib gözləməyə qərar verdik. Nəhayət, qapını açdılar. Elçin müəllim jurnalist olduğumuzu biləndə giley-güzar boğçasını açdı, nə açdı: “Bezmişik bu müxbirlərin əlindən. İşləməyə də imkan vermirlər”. Sənəd istədi, xidməti vəsiqəmizi təqdim etdik. Biləndə ki, rəsmi dövlət qəzetinin bölgə müxbiriyəm, bayaqkı halından əsər-əlamət qalmadı. Tamam dəyişdi. Ünvanladığım suallar isə təəssüf ki, cavabsız qalırdı. Müavin aydın və konkret suallara cavab vermir, yaxud vermək istəmir, bunları rəis bilər deyirdi. “Qəbula gələn vətəndaşları niyə qəbul etmirsiniz?” sualımızın cavabı isə, sözün həqiqi mənasında, təəccüb doğurdu: “Biz onların müraciətlərinə onlayn qaydada cavab veririk”.

Şəhərdəki Heydər Əliyev Parkı ərazisində yaradılmış süni gölə çirkli suların axıdıldığı, buranın üfunət mənbəyinə çevrildiyi vurğulanır. Bu faktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılıb təsdiq edilsə də, heç bir tədbir görülmür. Heydər Əliyev Parkı Mədəniyyət Nazirliyinin balansındadır. Bəs bu ciddi faktlar qarşısında Qarabağ Regional Mədəniyyət İdarəsi niyə tədbir görmür, nədən həyəcan təbili çalmır. Ulu Öndərin adını daşıyan, Bərdə əhalisinin əsas istirahət yeri olan bu məkana belə münasibətə nə ad vermək olar?!
Regionda narazılıq doğuran daha bir reallıq. Dövlət başçısının imzaladığı sərəncamla 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə bölgələrdə silsilə xarakterli elmi-praktiki konfranslar, mədəni-kütləvi tədbirlər keçirilir, xalq Ulu Öndərə sonsuz məhəbbət və ehtiramını bildirir. Qarabağ Regional Mədəniyyət İdarəsi isə əraziyə daxil olan rayonların icra hakimiyyətlərinə rəsmi məktub göndərib ki, bizim rəsmi razılığımız olmadan Heydər Əliyev mərkəzlərində, digər mədəniyyət müəssisələrində heç bir tədbir keçirmək olmaz. Bizə elə gəlir ki, bu, artıq ağ eləməkdir, hərçənd mənəm-mənəmliyin də bir həddi olmalıdır, xüsusən də söhbət sözün hər mənasında mədəniyyətdən gedirsə.
Regionda mədəniyyət işçilərinin kütləvi narazılığına səbəb olan başqa bir mühüm məsələ də var. Regional idarə yaranana qədər dövlətdən sosial yardım alan çoxsaylı mədəniyyət işçiləri idarə fəaliyyətə başlayandan sonra bu imkandan məhrum olublar. Səbəb isə çox sadədir: idarə hansı məqsədləsə dövlət portalında öz işçiləri ilə yeni müqavilə bağlamağı israrla ləngidir. Tərtər rayonunun Bəyimsarov kənd Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Fuad Qədimov, həmin rayonun Umudlu kənd Mədəniyyət evinin bədii rəhbəri Zahir Əsədov, Bərdə şəhər Mədəniyyət Mərkəzinin xadiməsi Aidə Orucova, Bərdə şəhəri H.Aslanov küçəsi 96 ünvanında yaşayan Elşən Abbasov bizə ünvanladıqları müraciətlərində regional idarə rəhbərliyi tərəfindən haqlarının müxtəlif formalarda pozulduğunu diqqətə çatdırır, kömək istəyirlər.
Sadaladığımız bu faktlar Qarabağ Regional Mədəniyyət İdarəsinin fəaliyyətindəki mövcud nöqsanların kiçik bir hissəsidir. Qalanlarını isə araşdırıb üzə çıxarmaq və bütün bunlar haqqında tədbir görmək Mədəniyyət Nazirliyinin səlahiyyətindədir.

Lazım QULİYEV,
“Azərbaycan”

Daha çox xəbərlər