Kriminal 

Bakıda 3 uşaq anasının amansız qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR – “Sevgili söhbəti yalandır” – YENİLƏNİB

17:04

Bakının Bayıl qəsəbəsində Kəmalə Mikayılovanın sevgilisi tərəfindən öldürülməsi xəbəri yalandır. 

Bunu Milli.Az-la əlaqə saxlayan mərhumənin bacısı oğlu Emin Məmmədov bildirib. O, iddia edir ki, xalası ərinin ədavətdə olduğu şəxs tərəfindən öldürülüb. “Ərinin Rusiyada bir nəfərlə düşmənçiliyi olub. O da qisasını bu formada alıb. Xalam əri Rusiyadan gələn gün evdə hazırlıq görüb. Aşağıya düşüb ki, dükandan alış-veriş eləsin. Həyətdə həmin o adam tərəfindən təqib edilib və bıçaqlanıb. Qatil onu uzun müddət imiş ki, güdürmüş. Xalama 10 bıçaq zərbəsi vurub. Yəni sevgilisinin olması barədə deyilənlər absurddur”.

Qeyd edək ki, Kəmalə Mikayılovanı qətlə yetirən Fərhad Abuşovu media sevgilisi kimi təqdim edib və aralarında yaranmış mübahisə nəticəsində qətl hadisəsinin baş verdiyini iddia edib.

———-
11:33

Bakıda 3 uşaq anası qətlə yetirilib.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Bakının Bayıl qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri dünən Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi – 1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər.

Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasınca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib.

Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq 8-ci Polis Bölməsinə aparılıb.

Daha çox xəbərlər