Böyük Qayıdışın növbəti uğurlu mərhələsi
Artıq 3188 məcburi köçkün yurduna dönüb və ilin sonunadək onların sayının 5500-ə çatdırılması nəzərdə tutulur
Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycanın qarşısında postmüharibə dövrünün reallıqlarına uyğun yeni çağırışlar formalaşdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi və Böyük Qayıdışın təmin edilməsi prioritetdir. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Bu səbəbdən də dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Böyük köçün baş tutduğu ərazilərdə məşğulluq siyasətinə yüksək dəstək verilir. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planın bir hissəsidir. İşğaldan azad edilmiş ərazilərə köçən əhalinin 70 faizinin məşğulluğu təmin edilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Qarabağ KOB-ları” layihəsinin təqdimatında bildirib. “Köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi əsas hədəflərimizdəndir. Bu proses davam edəcək. Əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir”, – deyə o qeyd edib.
Həmçinin bu bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Xüsusilə də bu gün daha çox məcburi köçkünün öz doğma yurdlarına qayıdışı təmin olunan Laçın, Zəngilan və Füzüli rayonlarında böyük quruculuq işləri davam edir. Son 7-8 ay ərzində təkcə Laçında 700 bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış evləri, 9-u çoxmənzilli binadır. Ümumilikdə ilkin mərhələdə 900-dən çox ailə Laçın şəhərində yaşaya biləcək. Eyni zamanda, füzulili keçmiş məcburi köçkünlərin Füzuli şəhərində bu gün də davam məskunlaşmaları sürətlə davam edir. Zəngilanda inşa edilən Ağalı kimi «ağıllı kənd»in tikilməsi və orada əhalinin məskunlaşması isə bu istiqamətdə yeni və innovativ layihədir.
Məlumdur ki, Prezident İlham Əliyev 2023-cü ildə də Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyinin anonsunu hələ bu ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində vermişdi. Vurğulamışdı ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri yenə də dövlətin əsas diqqət mərkəzində olacaqdır.
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də verdiyi sözə vaxtında və dəqiqliklə əməl etdi. “Regionda görülən işlər təkcə bərpa etmək deyil – burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələrindən istifadə edilir. İndi artıq məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıdıblar. 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Bu isə “Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir” deyə Prezident bildirib. Təbii ki, görülən bu işlərin fonunda digər əsas bir element isə infrastrukturdur. Bölgənin mövcud enerji potensialı, nəqliyyat və yaşayış layihələri növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünün evlərinə qayıtmasına imkan verəcək. Yeri gəlmişkən qeyd edək ki, artıq 3188 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayının 5500-ə çatdırılması nəzərdə tutulur. “Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır” fikirləri dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin yüksək nəticəsi olaraq hər kəs tərəfindən rəğbətlə qarşılanır.
Onu da vurğulayaq ki, yaxın zamanlarda Xankəndidən olan məcburi köçkünlərin də doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi gözlənilir. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi, Xocalıya və Xankəndiyə də Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərinin getdiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidən Azərbaycan xalqına müraciətində qeyd edib ki, artıq biz torpaqlarımızın bütünlüyünü təmin etmişik: “Bu gün keçmiş məcburi köçkünlərin geri qayıdışı üçün təhlükə artıq arxada qalıb. Hesab edirəm ki, Xankəndiyə, Xocalıya, Ağdərəyə və başqa yerlərimizə də Böyük Qayıdış başlayacaq. Artıq orada təhlükəsizliklə bağlı problem yoxdur. Müsbət haldır ki, biz uzun illərdən sonra bütün ərazilərimizə qayıtdıq.”
Beləliklə, qarşıdakı illərdə Böyük Qayıdışın daha möhtəşəm nəticələrinin şahidi olacağıq. Qarabağı cənnətə cevirən Böyük Qayıdış hamının, bütövlükdə Azərbaycan xalqının ürəyincədir. Azərbaycan öz iqtisadiyyatının gücü, öz qüdrəti hesabına bu layihələri reallaşdırır və biz bu qürurverici proseslərin canlı şahidləriyik.

