Küpədən ağzı “skoç”lu çıxmış cin..
Hayastanın “böyük qardaş” axtarışları nəticə verəcəkmi?
Ermənistan onu üç yüz il bəsləyib qudurdan Rusiyaya asi düşdükdən sonra keçmiş “böyük qardaş”ından uzaqlaşmaq üçün əlinə keçən hər fürsətdən yararlanmağa cəhd edir. İki ölkənin münasibətlərdə yaranmış dərin çatların və bir çox mübahisəli məsələlərin izaha ehtiyacı olsa da Rusiyaya heç bir vəchlə hesabat vermək fikrində deyil. Hətta Rusiyada yaşayan yüz minlərlə ermənini birləşdirən diaspor təşkilatı da Nikol Paşinyanı yola gətirə bilmir. Məlumdur ki, orada işləyən ermənilər hər il Ermənistandakı ailə üzvlərinə və ya qohumlarına yüz milyonlarla rubl pul göndərirlər. Yəni, Ermənistan əhalisinin böyük bir qismi Rusiyadan göndərilən pullarla dolanır. Ancaq o pulların göndərilməsinə qadağa qoyulma təhlükəsi Paşinyanın vecinə deyil.
Baş nazir Nikol Paşinyan Rusiyadan incik düşdükdən sonra Ukraynaya maraq göstərməyə başlayıb. Xatırladaq ki, Paşinyan əvvəlcə Avropa İttifaqının tədbirində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ayaqüstü söhbət etdi və iki liderin fotosu erməni saytlarını bəzədi. Nikol Vovayeviç bundan sonra həyat yoldaşı Anna Akopyanı Kiyevdə keçirilən tədbirə göndərdi. Kiyevdə həyat yoldaşı mehribancasına həm Zelenskinin, həm də onun xanımının əlini sıxdı. Yayımlanan bu fotolar da rəsmi Moskvanın narazılığına səbəb oldu.
Ancaq buna əhəmiyyət verməyən Nikol Paşinyan Ukrayna ilə bağlı yeni addım atmaqdan da çəkinmədi, ora humanitar yardım da göndərdi. Bundan bir qədər sonra isə o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Malta adasında “Ukraynanın sülh forumu” tədbirində iştirak etməyə göndərdi. Bundan əvvəlki iki oxşar tədbir Danimarka və Səudiyyə Ərəbistanında da keçirilmişdi. Armen Qriqoryan toplantı çərçivəsində ikitərəfli görüşlər keçirdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi və Fransa Prezidentinin köməkçisi ilə ayrı-ayrılıqda müzakirələr apardı. Bu görüşlərdə iki hədəf vardı: İrəvanın birinci hədəfi Qərb ölkələrindən Ermənistanı Rusiyanın mümkün təzyiqlərindən qorumaq və təhlükəsizlik təminatı almaqr. İrəvanın bu görüşlərdən ikinci hədəfi baş nazir Nikol Paşinyanın Tiflisdə açıqladığı “Sülh qovşağı” ideyasının mahiyyətini Qərb diplomatlarına izah etmək idi. Bu görüşlər və müzakirələr ona dəlalət edir ki, Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni baş ağrısına çevrilib. Kremldə başa düşürlər ki, Hayastanın əsas məqsədi Rusiya sərhəd qoşunlarının və 102-ci hərbi bazanın bölgədən çıxarılmasıdır. Bu “məşqlər” bitdikdən sonra Ermənistan və yeni müttəfiqləri bu vəzifələri həll etməyə başlayacaqlar.
Rusiya dolayı yollarla asi ölkəni yumşaq üsullarla yola gətirməyə çalışsa da hələlik alınmır, başqa sözlə, onları birləşdirən bağlar bir-bir qırılmaqdadır. Rusiyanın hazırladığı hakimiyyət dəyişikliyi iflasa uğrayandan sonra qarşılıqlı əlaqələr tamamilə başqa məcraya yönəlib. Milyarder Ruben Vardanyanın Ermənistanının baş naziri vəzifəsinə gətirilməsi planı baş tutmadı. Paşinyanın müdafiə etmədiyi Ruben Vardanyan Qarabağda törətdiyi ağır cinayətlərə görə Laçın nəzarət-buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən həbs edildi. Bi vaxtlar özünü öyərək Bakıya tankla, topla gələcəyini deyən Vardan Bakıya gəldi. Ancaq qolu qandallı gəldi və bununla da Vardanyan hekayəti bitdi. Hadisələrin gedişi göstərir ki, Ermənistan geridönüşü olmayan bir yoldadır. O, hər vəchlə yaxasını Rusiyanın pəncəsindən qurtarmağa cəhd edir. Ancaq bu yolda o, tək deyil, dediyimiz kimi, ABŞ və Fransa da onun yanındadır. Hazırda Hayastan küpədən çıxmış cin kimi ora-bura vurnuxur, özünə çoxsaylı tərəfdaş toplamağa çalışır ki, bir də onun ağzını “skoçlayıb” çıxdığı küpəyə salmasınlar…

