Ordu bax belə olar
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi və möhkəmlənməsi davam etməkdədir və şübhə yoxdur ki, gələcəkdə də həm bölgənin, həm də dünyanın ən güclü ordularından biri olaraq qalacaq!
Otuz il ərazilərinin 20 faizi yağmalanan Azərbaycan xalqı və dövləti torpaqlarımızın azad edilməsi və bütün sərhədlərimiz boyunca bayrağımızın dalğalanması dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun qüdrətinin, gücünün artırılması istiqamətində zəruri olan addımları atdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir ordu quruculuğu sayəsində Silahlı Qüvvələrimiz dünyanın ən müasir, qüdrətli orduları sırasına daxil oldu. 2016-cı ilin Aprel zəfəri, 2018-ci ilin möhtəşəm Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz qələbəsi, 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmaqla Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyi bütün dünyaya bəyan edildi.
Bütün hədəflərə nail olmuş Azərbaycan Ordusu hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Artıq üç ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prosesi davam edir. Daha çox qardaş Türkiyə modelinə uyğunlaşdırılan ordumuz müasir silahlarla təchiz olunur, komplektləşdirilir. Bütövlükdə, iki qardaş ölkənin hərbi əməkdaşlığı isə yüksək səviyyədədir.
Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə Dövlət Bayrağımızı ucaltması Azərbaycan xalqının illərdir qəlbində dövr edən sağalmaz Vətən yarasına məlhəm çəkdi. Bayrağımızın ana yurdun hər yerində dalğalanmasından böyük qürur hissi keçirdik, torpaqlarımız uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunun şad olmasına görə ürəyimiz dinclik tapdı. Suverenliyimizin bərpası, Ağdərə, Xankəndi, Xocalı, Xocavənd, Əsgəranda Dövlət Bayrağımızın ucaldılması Azərbaycanın ikiəsrlik tarixində əldə etdiyi ən böyük qələbədir.
Sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində keçirilən lokal xarakterli antiterror tədbirləri müasirləşən, peşəkar davranış və intizam qaydalarına yiyələnən Azərbaycan Ordusunun əldə etdiyi növbəti və dünya hərb tarixində ən qısa müddətdə baş tutan qələbəsi oldu. Azərbaycan əsgəri bir daha gücünü göstərdi, əgər tələblərimiz yerinə yetirilməsə, yenə təxribatçı əməllərinə davan etsələr “dəmir yumruq”la yenidən qarşılaşacaqlar və qətiyyətlə məhv ediləcəklər. Nəticə etibarilə bütün dünya Azərbaycan Ordusunun imkan və potensialının nə qədər yüksək olduğunu bir daha gördü. Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.
Şanlı qələbələrimiz ötən 20 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri ordu quruculuğu sahəsində görülən işlərin aydın mənzərəsini yaradır. Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində atılmış addımların nəticəsidir ki, 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb. Ordu ən müasir silahlar və texnika ilə təchiz olunub. Müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Prezident İlham Əliyevin uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun infrastrukturunda ciddi dəyişikliklər baş verdi, döyüş hazırlığına yeni tələblər irəli sürüldü, bunun üçün yetərli sayda poliqonlar, döyüş hazırlığı meydanları yaradıldı. Vaxtaşırı döyüş şəraitinə yaxınlaşdırılmış təlimlərin keçirilməsi, beynəlxalq döyüş təcrübəsinin öyrənilməsi və əldə edilən biliklərin ən müasir hərbi texnikanın imkanları ilə əlaqələndirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yol açan böyük Zəfərdən sonra ordu quruculuğunun yeni bir səhifəsi açıldı. Azərbaycan Ordusunda, onun rəhbər strukturlarında, hərbi təhsil sistemində çox ciddi dəyişikliklər baş verdi. Son vaxtlar aparılan islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində atılmış ən önəmli addımlardandır. Müdafiə Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələri 2022-ci ildə yaradılmış Milli Müdafiə Universitetində birləşdirildi, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sayı artırıldı, döyüş hazırlığına və peşəkarlığın yüksəldilməsinə diqqət və qayğı daha ciddi xarakter aldı, müasir hərbi texnikanın alınması davam etdirildi. Bu məqsədlər üçün 2022-ci ildə hərbi xərclər üçün dövlət büdcəsindən 4,5 milyard manat, 2023-cü ildə isə 6 milyard manat vəsait ayrıldı.
Bu gün Azərbaycan Ordusunun sıraları daha da genişlənir və möhkəmlənir. Şübhə yoxdur ki, Azərbaycan Ordusu gələcəkdə də həm bölgənin, həm də dünyanın ən güclü silahlı qüvvələrindən biri olaraq qalacaq.

