Böyük Qələbənin memarı
44 günlük müharibədə qazanılan Zəfər çoxəsrlik dövlətçilik tariximizdə ən böyük Qələbədir. Tarixə nəzər saldıqda görürük ki, torpaqlarımıza yadellilərin həmlələri çox olub və bu həmlələr əksər hallarda itkilərlə sonlanıb. Sərhədlərimiz daralıb, torpaqlarımız yad əllərə keçib. Xatırladaq ki, indiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması da ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. Havadarlarının köməyinə arxalanan ermənilər bu dəfə də Azərbaycandan yeni ərazilər qoparmaq istəyirdilər.
XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti Azərbaycanın müasir inkişaf tarixinin ən parlaq səhifəsidir. Tarixin ən çətin, məsuliyyətli anlarında həmişə xalqının yanında olmuş bu dahi insan özünün dediyi kimi, ömrünün qalan hissəsini xalqına, doğma Azərbaycanının müstəqilliyinə həsr etmişdir.
Ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında əsas əhəmiyyət kəsb edən Azərbaycanın hərbi sənaye kompleksinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1969-cu ildə dahi şəxsiyyət, böyük insan, xalqımızın xilaskarı Heydər Əliyev Azərbaycan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi seçildikdən sonra respublikamızda iri sənaye müəssisələrinin yaradılmasına nail olmuşdur. Ulu öndərin o illərdə gördüyü işlər, yaradılan böyük sənaye müəssisələri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır desək, yanılmarıq. Çünki hələ o illərdə bu işlər görülərkən Heydər Əliyev Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünmüşdür.
Ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə daxili sabitliyin yaradılmasına nail oldu. Respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı.
2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə ümummilli lider tərəfindən Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlandı.
Bu istiqamətdə aparılan məqsədyönlü işlər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Respublikamızın müharibə vəziyyətində yaşamasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005-ci il tarixli sərəncam bunun bariz nümunəsidir.
Müdafiə Sənayesi Nazirliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırıq və tövsiyələri əsasında uğurlu fəaliyyət göstərir. Ötən müddət ərzində nazirliyin bir neçə müəssisəsi əsaslı tikinti və yenidənqurmadan sonra isifadəyə verilmişdir. “İqlim” Elmi İstehsalat Müəssisəsinin, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar və “Radioquraşdırma” zavodlarının, eləcə də Elmi-Tədqiqat İnstitutunun açılışı olmuşdur. Təkcə bu ilin birinci rübündə nazirliyin “Dalğa” Elmi İstehsalat Müəssisəsinin, Şirvan “Araz” zavodunun əsaslı tikinti və yenidənqurmadan sonra açılışı olmuş, “İqlim” Elmi İstehsalat Müəssisəsi və “Telemexanika” zavodunda yeni istehsal sexləri yaradılaraq istifadəyə verilmişdir. İstifadəyə verilən müəssisələrdə silahlı qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılmış və bu sahələr beynəlxalq standartlara cavab verən avadanlıq və texnologiyalarla təmin edilmişdir.
Hərbi-texniki əməkdaşlıq sahəsində də bir sıra mühüm işlər həyata keçirilmişdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı zaman respublikamız sahə üzrə yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edirdisə, bu gün aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əməkdaşlıq sahəsində əldə olunmuş bu uğurlar Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.
Münaqişənin həllinin hüquqi və siyasi əsasları beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməsini nəzərdə tutan prinsiplərdə, habelə BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri və ATƏT-in və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarında əks olunmuşlar. Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələri 1993-cü ildə Azərbaycan torpaqlarının işğal olunmasına cavab olaraq qəbul edilmiş və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməli olduğunu bir daha təsdiqləmişdir. Qətnamələr bütün düşmənçi əməllərin dərhal dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, Ermənistanın əməllərini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olan qanunsuz güc tətbiqi kimi qiymətləndirmişlər.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Fedarasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edildi. Bununlada 30 illik işğal həsrətimiz Ermənistanın tam şəkildə kapituliyasiya aktı imzalaması ilə başa çatdı. Bu eyni zamanda regionda sülhün bərqərar olması demək idi. Aradan keçən müddət ərzində Ermənistanın dövlət ciddiyətinə yaraşmayan, imzaladığı müqaviləni həyata keçirmək istəməməsi ölkəmiz tərəfindən antiterror əməliyyatının keçirilməsini qaçınılmaz etdi. 19 sentyabr 2023 – cü ildə başlanan antiterror əməliyyatı nəticəsində ölkəmizin hər bir qarış torpağında 3 rəngli Azərbaycan bayrağı dalğalandı. Bununla da Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etmiş oldu. Antiterror əməliyyatı 24 saatdan da az bir müddət davam etdi və hərb tarixində öz mükəmməlliyi və minimalistliyə ilə iz qoydu.
XXI əsrdə Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən və düşünülmüş siyasəti nəticəsində tarixin ən anlamlı günlərini yaşayır. Dünya siyasət tarixinə unikal şəxsiyyət kimi adın yazdırmış Cənab Prezident öz sülh ritorikası və eyni zamanda qətiyyətli siyasəti ilə Azərbaycanın regionda və dünyada geosiyasi mövqeyini açıq şəkildə ortaya qoydu. Biz də Cənab Prezidentə bu çətin yolda daim dəstək olmalı onun ətrafında sıx birləşməliyik.
Teymur Mustafayev – Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin direktoru

