Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20
faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə
imzalanmış Bişkek protokolundan sonra Ermənistan
Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı
qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından
çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün
müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli
diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-
ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə
gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”
kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş
ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı
xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab
olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq”
adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün
davam edən Vətən müharibəsi təxminən otuzillik işğala
son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl
hərflərlə yazıldı. “Dəmir yumruq” əməliyyatını uğurla
davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal
cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz
kəndini işğaldan azad etdi. Bu xoş müjdəni tvitter
hesabından xalqımıza çatdıran dövlətimizin başçısı kəndin
tarixi adını da bərpa edərək onu Suqovuşan
adlandırdı. Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da
isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan
silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini
əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli
ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan
bayrağını ucaltdı. Oktyabrın 18-də – Müstəqillik Günündə
Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin
körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki
gün sonra – oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan
azad olundu. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd
qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət
sərhədi tam nəzarətə götürüldü. Oktyabrın 28-dən
noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji
yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti
hədəfi qədim Şuşa şəhəri idi.
Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin
şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa
əməliyyatını uğurla başa çatdıraraq bu şəhəri işğaldan
azad etdi. Belə ki, ərazinin və seçilən marşrutun nəqliyyat
vasitələri üçün uyğun olmaması, eləcə də düşmənin
gözləmədiyi istiqamətdən zərbə endirilməsi üçün
Azərbaycan Ordusunun komandanlığı cəsarətli qərar qəbul
etdi. Qəhrəman əsgər və zabitlərimiz Şuşaya Qarabağın sıx
meşələrində onlarla kilometr uzunluğunda yeni yol açdı.
Sonradan Müzəffər Ali Baş Komandanımız tərəfindən Zəfər
yolu adlandırılacaq bu yolla hərəkət edən Azərbaycan
Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına
dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində
daşıyaraq bir neçə istiqamətdən şəhərə daxil oldular.
İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin
atəş dəstəyi ilə Azərbaycan Ordusunun dağ piyadaları qəfil
pusquya salınmış erməni əsgərlərinin sonuncu
müqavimətini də qırdı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda
başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində
noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd
işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində
misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan
ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard
dollarlıq silah-sursatı sıradan çıxarıldı.
Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini
kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-
dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev,
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri
Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması
ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun
olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər,
dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı
Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan
Respublikasının ərazi bütövlüyü bərpa edildi. Cənab
Prezident, Müzəffər ordunun Ali Baş Komandanı İlham
Əliyevin çıxışından: “ Bu bəyanat bizim şanlı qələbəmizdir.
Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.
Hesab edirəm ki, bu bəyanatın imzalanmasının
səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq
qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad
edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi
həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox
böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz
Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad
edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq.
İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq,
insanlarımızın 30 illik həsrətinə son qoyulur.”
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və
bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi
yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü
Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin
təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək
düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır.
Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı
altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim
birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir.
Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki
onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz
dastan yazdılar.
Müharibələrdə böyük qələbələrin əsasında duran ən
başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz
vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi
dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını,
xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə
“Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar,
habelə Azərbaycanın haqq işinə dəstək verən digər
xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin
kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər.
Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da
möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik,
sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa
cəbhədə mükəmməl birlik yarandı.
Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində
diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident
İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media
qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə
bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir
sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr
ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu
sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,
qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Ukrayna və digər
ölkələrin adını çəkmək olar.
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra
azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən
sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni
infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə
start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən
Zəfər yolu artıq başa çatmaq üzrədir. Şuşada, Cıdır
düzündə 27 ildən sonra ilk Novruz tonqalının
alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
“Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin
təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı
adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş
zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in
inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib:
“Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz
həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da
cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da
yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki,
işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq,
məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət
ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımıza
çevriləcəkdir”.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ Azərbaycandır!
Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Bərdə rayon E.Mirzəyev adına Muğanlı kənd tam orta
məktəbin
direktoru Könül Kazımova.

