Qərbin ikiüzlü siyasəti:` “Demokratiya beşiyi”, yoxsa…
ABŞ və digər Qərb ölkələri, xüsusən Fransa və Almaniya Azərbaycanın son illərdə güclənən mövqeyini və ortaya qoyduğu siyasi əzmi həzm edə bilmir. Odur ki, onlar hər vəchlə rəsmi Bakıya təzyiqlər etməyə çalışırlar. Özü də onlar bu məkrli siyasətlərində guya Azərbaycanın yürütdüyü siyasət nəticəsində “hüquqları pozulmuş” Ermənistandan alət kimi istifadə edirlər. Üstəlik, Azərbaycana öz aləmlərində demokratiya dərsi keçməyə çalışırlar.
Qaradərili vətəndaşlarını küçədə sorğu-sualsız güllələyən bir ölkənin, yəni ABŞ-ın Azərbaycana insan hüquqlarından dərs keçməyə mənəvi haqqı varmı? Əsla, yox. Məgər bu ölkə öz “dərsləri” ilə Yaxın Şərqdə bir neçə ölkəyə acılar yaşatmadımı? Prezident seçkilərində Co Baydenin hansı oyunlarla Trampı üstələdiyinin şahidi olmadıqmı? Hələ də ictimai rəy sorğusunda Amerika sakinləri Co Baydenin yox, Trampın seçilməli olduğunu bildirmirlərmi? Birləşmiş Ştatlar ATƏT MQ-nun həmsədri kimi, münaqişənin vaxtında həll edilməsi yolunda gerçək addımlar atmaq imkanlarına sahib olsa da, bunu reallaşdırmadı. Əksinə, Qarabağdakı separatçıları dəstəkləmədimi? İraqda “kimyəvi silah istehsal edildiyini” bəhanə gətirib, bu ölkəyə genişmiqyaslı hərbi müdaxilə etmədimi? Bu gün dünyada mövcud olan elə bir gərginlik nöqtəsi yoxdur ki, orada ABŞ-nin əli olmasın. Budurmu demokratiya?
Fransada islamofobiya adi həyat tərzinə çevrilib
Fransada qatı millətçilərin, şovinistlərin at oynatdığı bütün dünyaya məlumdur. Hətta bu ölkədə islamofobiya adi həyat tərzinə çevrilib. Olmaya Makronun bu durumdan xəbəri yoxdur? Şübhəsiz, var! Amma bu problem aradan qaldırmaq istiqamətində o, heç bir addım atmır. Əslində heç atmaq da istəmir. Çünki bu, Fransanın rəsmi siyasətidir. Yaxud 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində Əlcəzairdə suverenlik tələb edən milyon yarım vətənpərvəri qətlə yetirən Fransanın hələ 1998-ci ildə saxta “erməni soyqırımı”nı tanımasını və bu ölkədə bu gün sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılması, kolonal siyasət həyata keçirməsi görəsən demokratik dəyərlərin hansı bəndinə uyğun gəlir? Halbuki, BMT tərəfindən neokolonializm qadağan edilsə də, Fransa bu gün hələ də bu siyasəti davam etdirir və bir sıra ölkələr onun bu siyasətindən əziyyət çəkirlər.
Fransa isə ədalətli mövqe ortaya qoymaq əvəzinə, hər zaman zülmün, işğalçının və qatilin arxasında dayanaraq Azərbaycana təzyiq etməyə çalışıb. Fransa özünü Avropanın aparıcı dövləti saysa da, Azərbaycanla bacarmayıb və bacarmayacaq. Çünki biz haqlıyıq, ədalətə arxalanırıq, beynəlxalq normalar çərçivəsində hərəkət edirik!
Rəsmi Parisin siyasəti Cənubi Qafqazda dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir
Bəli, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq, terror və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləməklə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxan Fransa son zamanlar ölkəmizin əleyhinə qərəzli və qəbuledilməz siyasətini daha da gücləndirib. Bölgədə nüfuz sahibinə çevrilmək üçün həyata keçirilən bu siyasət ədalətli sülhün və sabitliyin bərqərar olmasına deyil, Cənubi Qafqaz regionunda dayanıqlı sülh quruculuğu prosesinə təhdid törətməyə xidmət edir.
Qərbin, əslində, demokratiya pərdəsi altında yürütməyə çalışdığı siyasətin kökündə həm də xristian təəssübkeşliyinin dayandığı şəksizdir.
Digər tərəfdən, Qərb bütün gücünü anti-Azərbaycan fəaliyyətinə sərf etmiş erməni lobbiçilik institutlarının uydurmalarına inanaraq onların təsir dairəsinə düşüblər
Belə olan təqdirdə istər ABŞ-ın, istərsə də Fransanın tolerantlığın, multikultural dəyərlərin milli doktrinaya çevrildiyi, çoxsaylı dini konfessiyaların yanaşı və mehriban şəkildə fəaliyyət göstərdiyi Azərbayacana “demokratiya dərsi”mi keçəcək? Amma əminliklə demək olar ki, demokratiya, insan hüquqları barədə siyasi mühazirələr və tövsiyələr ABŞ-Qərb alyansından ötrü özünün çirkin siyasətini gerçəkləşdirməkdən başqa bir şey deyildir.
Bütün bunları bir daha analiz edəndə belə nəticəyə gəlmək olar ki, bu kimi məsələlərdə beynəlxalq hüquq, ədalət prinsipləri deyil, xristian təəssübkeşliyi, siyasi maraqlar, ikili standartlar, qərəzli yanaşma, hansısa dövlətin regionda rolunun artırılması və digər məsələlər önə çıxarılır. Görünür, müstəqillik yolunda inamla irəliləyən, diqqət mərkəzində olan, dünyada söz sahibinə çevrilən Azərbaycanın nailiyyətləri bəzi ölkələri ciddi təşvişə salıb. Amma nə qədər cəhdlər etsələr də beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, rəsmi Bakını tutduğu yoldan və mövqeyindən döndərə bilməyəcəklər.

