Cəmiyyət 

Qaxın ən ucqar kəndinə ilk qar yağıb – YENİLƏNİB + FOTO/VİDEO

Qax rayonunun Sarıbaş kəndinə ilk qar yağıb.

​“Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, temperatur aşağı düşüb. Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.

Belə ki, dünən axşamdan etibarən yağan yağış daha sonra qara çevrilib. Nəticədə Sarıbaş kəndində qarın hündürlüyü dörd santimetrə çatıb.

Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın üç ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.

10:15

Şimal bölgəsində davam edən qeyri-sabit hava şəraiti temperaturun mənfi dərəcəyə qədər enməsinə səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, gecə saatlarında Xınalıqda mənfi iki dərəcəyə qədər şaxta olub.

Xınalıq və Laza yaşayış məntəqələrinə 1-4 sm qalınlığında qar yağıb.

Bölgənin digər yaşayış məntəqələrində sulu qar və yağış müşahidə edilir.

09:44

Noyabrın 20-də gecə saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində soyuq hava şəraiti hökm sürüb.

Gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.

Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm-ə çatıb. Eyni zamanda, Culfa və Babək rayonunun bəzi dağlıq kəndləri də ağ örpəyə bürünüb.

Daha çox xəbərlər