Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyini Partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin abidəsi önündə qeyd etdi.

Öncə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın ilk üzvləri, fəalları, gənclər və partiyaya yeni üzvlüyə qəbul olunan şəhid anaları, ailələri birlikdə Yeni Azərbaycan Partiyasının yaradıcısı və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra Ulu öndər Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ulu öndər Heydər Əliyevin abidəsi önündə keçirilən tədbiri açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və onların timsalında təşkilatın bütün üzvlərini təbrik etmiş, Partiyanın tarixi zərurətdən yarandığını xüsusi vurğulayaraq keçdiyi şərəfli tarixi yolun əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, ölkə Prezidenti, Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş bütün Azərbaycan xalqının nail olduğu böyük Qələbələrin, Zəfərlərin bünövrəsində, özülündə Ulu öndər Heydər Əliyevin sarsılmaz ideyaları dayanır. Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının möhkəm və ümumxalq Partiyası olmasının da səbəbi məhz xalqa xidmət edən, xalqın parlaq gələcəyinin etibarlı təminatçısı olan bu ideyalardır. Xalqımızın Ulu öndər ideyalarına söykənməsi, arxalanması dövlətimizi bütün dünyada əbədi günəş kimi parlayacaq işıqlı gələcəyə aparır.
Tədbirdə çıxış edən rayon təşkilatının ilk üzvlərindən rayon Ağsaqqallar şurasının sədri Yaşar Zamanov, Ədibə Əhmədova, respublikanın Əməkdar müəllimi, rayon İctimai Nəzarət Şurasının sədri Rzaqulu Şərifov və başqaları o dövrü xarakterizə edərək Ulu öndərin xalqı çətin durumdan, xaosdan qurtaran, dövləti məhv olmaq təhlükəsindən xilas edən titanik fəaliyyətindən danışmışlar. Bildirmişlər ki, bu gün böyuk Qələbələrə imza atan Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan böyük fəxarət və qürur hissi kecirirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş şəhid anaları və ailələrinə, gənclərə və sahibkarlara üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbir ağacəkmə kompaniyası ilə davam etdirilmişdir.

Daha çox xəbərlər