Yeni təşəbbüslərlə çıxış edən ölkəyik!
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə malik olduğu imkanları dünyaya təqdim edir. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev digər çıxışlarında olduğu kimi, bu Zirvə görüşündə də Azərbaycanın müstəqil siyasətinin uğurlarından bəhs etdi. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizin təmin edilməsində əsasdır. Ölkəmizin son 20 ildə qazandığı iqtisadi uğurlar əsaslı şəkildə diqqətə çatdırıldı. Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda cənab İlham Əliyev belə bir reallığı da diqqətə çatdırdı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. “Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Azərbaycan hər zaman investisiya cəlbediciliyini qoruyur. Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu iqtisadi əlaqələrin qurulmasında, ölkə iqtisadiyyatına investisiyalar yatırılmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayını artırır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrası investisiyaların həcminin artmasında da özünü göstərir. Ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovuşuğunda yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Bu fikirlər Zirvə görüşündəki çıxışlarda da öz aydın ifadəsini tapdı. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələri təqdir etdilər.
Azərbaycanın yürütdüyü siyasət, qazandığı uğurlar İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri zamanı dövlət başçısı İlham Əliyev ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatında da xüsusi qeyd edildi. “Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində – infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik” söyləyən İraq Prezidenti onu da vurğulamışdır ki, səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaq: “Çox şadam ki, Azərbaycan nümayəndə heyəti tezliklə İraqa səfər edəcək. Sizin də qeyd etdiyiniz kimi, cənab Prezident, biz yenə də əməkdaşlıq üçün və bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik.” Səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-İraq münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır.