Gündəm 

Sənayedə qeyri-dövlət sektorunun payı 86,8 faiz olub

2023-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin sənaye müəssisələrində istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 47,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 79,4 faizi mədənçıxarma, 17,9  faizi emal, 2,1  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Bu barədə “İki sahil”ə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumatda daha sonra bildirilir ki, sənayedə qeyri-dövlət sektorunun  payı 86,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  91,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,2 faiz təşkil  etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 noyabr 2023-cü il vəziyyətinə 462,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,0 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2023-cü ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,6 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 4,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 89,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 26776,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 11188,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2023-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,7 faiz artaraq 1115,1 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 589,7 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 52,9 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2023-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq 5479,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4537,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82,8 faizini təşkil etmişdir.

Əməkhaqqı

2023-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 1167,9 manat təşkil etmişdir.

Daha çox xəbərlər