Siyasət 

Mikayıl Cabbarov: “Ekoloji davamlılıq Azərbaycanın inkişafının əsas elementidir”

“Ekoloji davamlılıq Azərbaycanın inkişaf strategiyasının əsas elementinə çevrilib”.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşü zamanı deyib.

“Bu gün dünya iqlim dəyişikliyi üzrə beynəlxalq təşəbbüsün müəyyən etdiyi prioritetlərə nail olmaq üçün problemlərlə üzləşir. İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, bərabərsizlik və yoxsulluq ilə daha da güclənən COVID-19 pandemiyasının davamlı təsirləri, “yaşıl” və dayanıqlı iqtisadiyyata keçid üçün böyük maneələr yaradır”, – deyə Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların ümumi təşviqi və iqlim təşəbbüslərinin və 2030-cu il Gündəliyinin həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib.

“Transformativ dəyişiklikləri təşviq etmək öhdəliyi dayanıqlılığa, inklüziv inkişafa və təmiz enerjiyə diqqət yetirməklə milli iqtisadiyyatları yenidən formalaşdırmaq istəyini əks etdirir. Bundan əlavə, iqtisadi yenidənqurma bütün dünyada səmərəli və dayanıqlı maliyyə mənbələri tələb edir. Bu səbəbdən, özəl sektor investorları üçün yaşıl inkişafın sürətləndirilməsinə müsbət təsir edəcək imkanları araşdırmaq üçün şəbəkə platformalarının yaradılması çox vacibdir”, – deyə nazir bildirib.

Nazir qeyd edib ki, yaşıl transformasiyanın hərəkətverici qüvvəsi kimi bərpa olunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanın quraşdırılmış elektrik enerjisi istehsal gücünün 24%-ni təşkil edəcək, 2030-cu ilə qədər isə bu rəqəmi 30%-ə çatdırmaq daha iddialıdır.

“Bundan əlavə, Azərbaycan 2050-ci ilə qədər istixana qazları emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması öhdəliyi götürüb. Bura Qarabağda və 30 illik erməni işğalından azad edilmiş Şərqi Zəngəzurda iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin həyata keçirilməsinə töhfə verəcək yaşıl enerji zonasının yaradılması daxildir”, – deyə o, əlavə edib.

Daha çox xəbərlər