Cəmiyyət 

Paketlənmiş süd alarkən DİQQƏT EDİN!

İnsanların ən çox istehlak etdiyi qida məhsullarından biri də süddür. Bu gün süd məhsulları bazara müxtəlif qablaşdırmalarda çıxarılır. Paketlənmiş südlərin istifadə müddətinin daha uzun olması, insanlarda onların tərkibinə müxtəlif kimyəvi maddələrin əlavə olunduğu fikrini yaradır.  Görəsən, bu cür qabalaşdırılmış süd məhsulları həqiqətən də ziyanlıdırmı? İnsanlar bu məhsulları alarkən nələrə diqqət etməlidir? 

Məsələ ilə bağlı “İki sahil”ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, yerli istehsal olan və paketlənmiş süd məhsulları təhlükəsizdir.

Onun sözlərinə görə, xüsusilə karton paketlənməni həyata keçirən süd zavodları ciddi sanitar normalara cavab verən müəssisələrdir: “Bu məhsullarda insan həyatı üçün riskli hesab edilən elementlər ola bilməz. Çünki belə südlər sterilizə olunur, tam yoxlamadan keçirilir və ixtisaslaşdırılmış fermer təsərrüfatlarından gətirilir. Lakin bu cür məhsulları alarkən tarixlərinə önəm verilməlidir. Buraxılma və son istifadə tarixi arasındakı müddəti daha az olan südlərə üstünlük verilməsi məsləhətdir. Bu südləri qaynatmadan belə içmək zərərsizdir. Eyni zamanda, Belarus, Rusiya, İran və s. xarici ölkələrin yox, yerli firmaların südləri daha keyfiyyətlidir”.

E. Hüseynov bildirib ki, paketlənmiş südün içərisinə heç bir əlavə qatqı tökülmür: “Sadəcə bu məhsullar yüksək temperatur rejimindən keçirilməklə, onu qıcqırdan və xarab edən bakteriyalardan sterilizə olunaraq, təhlükəsiz vəziyyətə gətirilir”. Mütəxəssis həmçinin vurğulayıb ki, kənd şəraitində sağılmış südün qida dəyərliliyi yüksək olsa da, təhlükəli ola bilər: “Belə ki, bu məhsulun tərkibində heyvan xəstəlikləri ola bilər. Əgər, insanlar belə südlərin istifadəsi ilə yarana biləcək xəstəliklərdən çəkinmirsə, onları istehlak edə bilərlər”.

Sayalı Abasova

Daha çox xəbərlər