Əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlər
Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu Balkan və Qafqaz regionları arasında əməkdaşlıq üçün geniş imkanlar açır. Azərbaycan-Serbiya əlaqələri ildən- ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. İki ölkə strateji tərəfdaşlıq çərçivəsində enerji sektoru ilə yanaşı, hərbi sənaye, yüksək texnologiyalar və üçüncü bazarlar üçün birgə istehsal kimi əməkdaşlığın təkmilləşdirildiyi çoxsaylı digər sahələrdə birgə işlər görür. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı hər il bir az daha yüksələn xətlə inkişaf edir.
Dövlətlər arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq. Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.
Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Bolqarıstan və Azərbaycan bir-birilərini qarşılıqlı olaraq Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edirlər. Hazırda Azərbaycan-Bolqarıstan siyasi dialoqu kifayət qədər yüksək səviyyədədir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bütövlükdə, indiyədək Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətləri əhatə edən 70-dən çox sənəd imzalanıb. Azərbaycan ilə Bolqarıstan arasında enerji, kənd təsərrrüfatı, turizm, müdafiə sənayesi və mədəniyyət sahələrində sıx əməkdaşlıq mövcuddur.
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın aparıcı sahəsi energetikadır. Azərbaycan -Bolqarıstan dövlətləri arasında münasibət , həm də Qaz İnterkonnektoru layihəsinin açılışı daha çox sülhə, əmin-amanlığa və dünya enerji təhlükəsizliyi siyasətinə verilə biləcək böyük töhfədir. Beynəlxalq aləmdə əsas söz sahibi kimi tanınan Azərbaycan artıq qlobal proseslərin fəal iştirakçılarından birinə çevrilir. Ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici müstəqil ölkəmizlə yeni əlaqələrin qurulmasına şərait yaradır.
Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

