Hadisə 

Cəlilabadda ağır qəza: Ölən və xəsarət alan şəxslərin adları AÇIQLANDI – YENİLƏNİB + VİDEO

Köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabadın Alar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Biləsuvar istiqamətindən hərəkət edən “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn “Mitsubishi” markalı maşınla toqquşub.

Çiskinli hava şəraitində baş verən qəzada “VAZ-2107”də olan sürücü və dörd sərnişin, eləcə də digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəza nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar. Digər sərnişin Biləsuvarın Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə əməliyyatı davam edir. Digər üç xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Mehrac Qəhrəmanov Bakı şəhərində yerləşən xəstəxanalardan birinə təxliyə edilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Baş vermiş qəza ilə bağlı hadisə yerində ilkin araşdırmalar aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.

11:32

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə zamanı iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər