Cəmiyyət 

Vəfat edən şəxsin kreditini kim ödəməlidir?

Bu gün bir çox insanı maraqlandıran suallardan biri də vəfat edən şəxslərin kredit borclarının kimlər tərəfindən ödənilməli olduğudur. Bəzən yaxınını itirmiş şəxslər, xüsusilə də zamin duran insanlar ondan geriyə qalan borcu ödəməkdən imtina edirlər. Bu da banklarla həmin şəxslər arasında münaqişələrə səbəb olur.

Şəxs öldükdən sonra onun həyatda olduğu dövrdə götürdüyü kredit borclarının aqibəti necə olur?

Mövzu ilə bağlı Sonxeber.az-a Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov açıqlama verib.

O bildirib ki, ölən şəxsin bankda olan kredit borcu ilə əlaqədar vərəsələri barədə məhkəmələrə müraciətlər olunur. Əslində bu münasibətlər qanunvericilikdə birmənalı tənzimlənmişdir.

“İlk növbədə qeyd edilməlidir ki, ölən şəxsin həm hüquqi və də fiziki şəxslərin qarşısında öhdəlikləri ola bilər. Lakin şəxs öldükdə hüquqi fəaliyyət qabiliyyətini itirdiyindən, öhdəliklərin icrası qeyri-mümkün olur. Buna misal üçün şəxsin ölməmişdən əvvəl hər hansı bir mağazadan götürdüyü məhsulun kredit ödənişlərini, eyni zamanda daha çox rast gəlinən bank qarşısında götürdüyü kredit öhdəliklərini göstərmək olar. Vətəndaşlarımızda yalnış bir fikir formalaşmışdır ki, əgər şəxs ölürsə, onda onun öhdəliklərinə də xitam verilir. Əslində vərəsəliklə bağlı münasibətləri tənzimləyən normalarda göstərilmişdir ki, miras şəxs öldükdə və ya ölmüş elan edildikdə açılır. Mirasa əmlak aktiv və passivdən ibarət olur. Aktivlərə şəxsin daşınar, daşınmaz əmlakı və digər qiymətli əşyalar aid edilir. Passivə isə şəxsin öləndən sonra borcları, kredit və digər öhdəlikləri aiddir. Beləliklə görürük ki, vərəsələr şəxsin ölümündən sonra onun əmlakı ilə bərabər onun öhdəliklərini və borclarını da qəbul etməyə məcburdurlar. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən işlərdən biri də kreditorun borculunun vərəsələrini məhkəməyə verməklə onlardan öhdəlikləri yerinə yetirməsini tələb etməsidir. Bir sözlə şəxs öldükdən sonra onun vərəsələri bir başa həmin öhdəliklər üzrə borcluya çevrilirlər. Lakin vətəndaşlar bir məqamı unutmamalıdılar ki, şəxs öləndən sonra heç bir aktiv saxlamamışdırsa, onda passivlər də vərəsələrə keçmir. Yəni miras əmlakın aktiv hissəsini qəbul edən vərəsə, həmin pay üzrə də passiv, yəni öhdəlikləri də qəbul edir. Əgər şəxsin əmlakı yoxdursa, vərəsələrə qarşı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblərin irəli sürülməsi yol verilməzdir”.

Daha çox xəbərlər