Zəfər seçkisinə UDUZAN “kirli boykot”
2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkisi təyin edilib.
Artıq prezidentliyə namizədlərin sayı 6-ya çatıb. Seçki ekspertlər tərəfindən Zəfər seçkisi kimi də xarakterizə olunur. Çünki ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərini əhatə edəcək, bunun üçün önəmlidir. Bu seçkidən sonra həm hakimiyyət daxilində, həm də ölkədə ciddi dəyişikliklərin olacağı gözlənilir.
Bu qədər pozitiv məqamlara baxmayaraq, radikal müxalifət yenə də müxtəlif addımlar atır. Bu kimi uğurlarına görə xarici qüvvələr Azərbaycana öz zərərlərini yetirmək, hər hansı bir vəziyyəti diktə etmək üçün öz əlaltılarından istifadə etmək yolunda xüsusi canfəşanlıq göstərirlər. Bu istiqamətdə də radikal müxalifətin bəzi nümayəndələrindən alət kimi istifadə edirlər.
Azərbaycan Qarabağda zəfər qazandığı və qurulan oyunları pozduğu, öz ərazi bütövlüyünü bərpa etdiyi, bütün həqiqətlərini diktə edib 30 il işğal altında olan torpaqlarını azad etdiyi üçün, Qərbin dırnaqarası yanaşdığı məsələləri, BMT-nin 4 qətnaməsini müharibə yolu ilə qüvvəyə mindirdiyi üçün yenə də haqsızlığa məruz qalır. Qərb yenə də hansısa məqamlarda öz istəklərini Azərbaycana diktə etməyə çalışır. Bunun üçün vasitəçilərdən istifadə edir.
Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir.
Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.
Buna baxmayaraq, seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir.
“Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykot”dan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir.
“Boykot” texnologiyasının strateji hədəfi eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir.
“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin onların bütün mifləri Zəfər seçkisi qarşısında da puç olacaq!

