Yeni il hədiyyələri seçərkən nələrə diqqət etməliyik?
Yeni il öncəsi demək olar ki, bütün marketlərdə uşaqlar üçün müxtəlif şirniyyat məhsullarından ibarət hazır paketlənmiş hədiyyələr satışa çıxarılır. Bəzən bu hədiyyə paketlərində vaxtı keçmiş məhsullara da rast gəlinir.
Belə halların qarşısını almaq üçün bu məhsullara necə nəzarət olunur? Ümumiyyətlə, hədiyyə paketlərini alarkən nələrə diqqət etmək lazımdır?

Məsələ haqda “İki sahil”ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Yeni il hədiyyələri ilə bağlı problemlər illərdir yaşanır:

Qapağı açılıb içindəki məhsullara baxmaq mümkün olan hədiyyələri alın
“Biznes qurumları vaxtı keçmiş, pis şəraitdə saxlanılmış məhsulları əksər hallarda yaxşı görünüşlü paketlərə yığaraq satışa çıxarırlar. Belə hədiyyələr qablaşdırılmış şəkildə xaricdən də gəlir, həmçinin, burada da hazırlanır. Əfsuslar olsun ki, xüsusilə Yeni il şənlikləri təşkil edən qurumlar belə məhsulları uşaqlar üçün paylayır. Valideynlər isə hədiyyələrin içindəkilərə diqqət etmir və uşaqlar isə həmin təhlükəli məhsulları yeyirlər. Ona görə də, istehlakçılar uşaqların nə yediyinə diqqət etməlidir. Qapağı açılıb içindəki məhsullara baxmaq mümkün olan hədiyyələri almaq lazımdır. Hədiyyəni hazırlayan yerin rekvizitləri üzərində qeyd edilən, buraxılış tarixinə qeyd edilən məhsullara üstünlük verməlidir”.
Qutuların üzərində göstərilən tarix içərisindəki məhsullara aid deyil

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır: “Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin, bilmək lazımdır ki, belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin, istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir”.

Keyfiyyətsiz məhsullar aşkar edildiyi halda…
Eyni zamanda, məlumatda vurğulanıb ki, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər:

“Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir. Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər.
Sözügedən halla bağlı Agentlik tərəfindən mütəmadi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir. Sadalananlardan çıxış edərək vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər”.
Sayalı Abasova

