Qalibiyyət ordusu
Qırx dörd günlük Vətən müharibəsinin nəticələri münaqişənin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi həll konsepsiyasının mütləq doğruluğunu və reallığını qəti şəkildə sübut etdi. Ali Baş Komandan “Münaqişənin hərbi həll yolu yoxdur” deyərək əslində 30 il vəziyyəti Ermənistanın xeyrinə dondurmaq istəyən qüvvələrin planlarını və taktikasını alt-üst etdi. 2020-ci il sentyabrın 27-də başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü və regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Müharibənin ilk günlərindən dövlətimizin başçısının ortaya qoyduğu real və ədalətli sülh şərtləri öz bəhrəsini verdi. Hamı Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı hərbi-siyasi reallıqlarla barışmağa məcbur oldu.
Azərbaycan Prezidenti dünya hərb taktikaları tarixində unikal bir yenilik etdi. Ölkəmiz onillər boyu uğurlu diplomatiya ilə kənar qüvvələri neytrallaşdırmaqla təcavüzkarı hərb meydanında təkləmək, Ermənistanın heç cür qəbul etmək istəmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi güclə təkbaşına icra etmək və bundan sonra işğalçını kapitulyasiya masasına əyləşdirmək kimi uğurlu formul ortaya qoydu.
Beləliklə, Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Noyabrın 8-də isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda, müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.
Dövlətimizin başçısı bütün sahələrdə olduğu kimi, hərbi quruculuq sahəsində də dahi şəxsiyyət Heydər Əliyevin siyasətini uğurla davam etdirməkdədir. Ölkəmizdə ordu quruculuğu sahəsində Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 ildə layiqlincə davam etdirilir.
Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə də fəallıq göstərir. Xüsusilə 2003-cü ildən etibarən ordu quruculuğu dövlətimiz üçün prioritet vəzifələrdən biridir. Son 20 ildə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, Silahlı Qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirilmişdir.
Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilir. Əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır.

