Bölgələrə qar yağıb, dalğanın hündürlüyü dörd metrə çatıb – FAKTİKİ HAVA + YENİLƏNİB
Hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.
Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü dörd metr təşkil edib.
09:10
“Dekabrın 28-də səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 29, Qobustanda 23, Balakən, Şəki, Naftalan, Altıağacda 20, əksər rayonlarda isə 19 m/s-yə çatır.
“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb. Dekabrın 28-də axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”.

