Güclü və qalib Azərbaycan Avropa İttifaqının kabusuna çevrilib – ŞƏRH
Bəzi beynəlxalq təşkilatlar niyə hələ də Ermənistanı himayə edirlər?
Beynəlxalq məsələlərə və münaqişələrə davamlı olaraq ikili standartlarla yanaşan, xüsusilə də fəaliyyətində islamofobiyaya daha çox yer ayıran Avropa İtiifaqı (Aİ) bu dəfə də ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləmişdir. Belə ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano ötən gün ölkəmizə qarşı həddini aşan bəyanatla çıxış edib: «Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir».

Bu qeyri -ciddi açıqlama azmış kimi Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da ölkəmizə yönəlik digər böhtan və qarayaxmalarını tirajlayıb: «Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər məni dəhşətə gətirdi.»
Hər iki absurd və qərəzli açıqlamalardan da aydın görünür ki, onlar hələ də Ermənistanın himayədarları rolundan imtina edə bilmirlər. Çünki Cənubi Qafqazda güclü Azərbaycanın söz sahib olması onların bu bölgədəki qərəzli fəaliyyətlərinə ciddi şəkildə mane olur. Həmin siyasətbazların həyasızlığı və erməni sevgisi o həddə çatıb ki, Qarabağda dağıdılan, məhv edilən Azərbaycan abidələrindən bir kəlmə belə danışmırlar. Eyni zamanda, onların gözünü örtən qərəzin nəticəsidir ki, ötən otuz il ərzində işğalçı Ermənistanın ölkəmizin 20 faiz ərazisini zəbt etməsini, qədim və zəngin şəhər və kəndlərimizin darmadağın edilməsini, bir milyona yaxın insanın həm Ermənistandan, həm də Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınmasını, soydaşlarımızın soyqırıma məruz qalmalarını, bir sözlə, bu kimi bəşəri cinayətlərini hələ də görmək istəmirlər. Görmək üçün təbii ki, vicdan saflığına və ədalət prinsipinə malik olmaq lazımdır ki, bu da onlar da kasaddır.
Bütün dünya gördü ki, həm Vətən müharibəsində, həm də 2023-cü il sentyabrın 19-da reallaşan birgünlük lokal antiterror tədbirlərində erməni əsilli mülki əhaliyə heç bir zərər dəyməmişdir. Hətta bunu Ermənistanın baş naziri Nikol Paşinyan da parlamentdəki çıxışında bildirmişdi. Eyni zamanda, Qarabağda erməni separatizminə son qoyulduqdan sonra bölgəyə gələn BMT kimi mötəbər bir qurumun missiyası da Qarabağda heç bir dağıntı, mənfi hal qeydə almayıb. Hətta Ermənistanın özü belə bu istinamətdə əleyhimizə dəllilələrlə çıxış edə bilmədi.

Aİ nümayəndələrinin Qarabağdan könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçürüldüyünü iddia etməkləri isə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Hətta rəsmi İrəvan belə Qarabağda hər hansı bir «etnik təmizləmə» və sakinlərin zorla çıxarıldığını bəyan etmədiyi, eyni zamanda, onların Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq etkləri halda Qərb hələ də bu reallığı qulaqardına vurmaqda davam edir. Bu isə onu deməyə əsas verir ki, bir çoxAvropalı siyasətbazları bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır.
Bundan başqa, Peter Stanoya xatırlatmaq istəyirik ki, İrəvan məğlub olduğunu rəsmi bəyan etsə də onun konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalır. Eyni zamanda, bu gün azərbaycanlılar hələ də vətənlərinə qayıda bilmirlər. Çünki hər yer xarabalıq və minalardır. Dağıdılmış şəhər və qəsəbələrimizin bərpasına ən azı 50 milyard dollar vəsait lazımdır. Bəli, bu barbar Ermənistan 30 il ərzində hətta faşist Almaniyasından daha vəhşi və qəddar çıxaraq rayon və kəndlərimizdə daşı –daş üstündə qoymayıblar. Tarixdən də məlumdur ki, faşistlərin İkinci Dünya müharibəsində işğal etdikləri Avropa şəhərlərində bu qədər böyük dağıntılar və vəhşiliklər olmamışdı.

Jurnalist Elnarə Qasımovanın qaçaqmalçılıqda ittiham olunaraq həbs edilməsini ölkəmizdə söz və mətbuat azadlığının pozulması və Azərbaycandakı məhkəmə- hüquq sisteminin qanunsuzluğu kimi dəyərləndirən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun korşalmış yaddaşına bir xatırlatma etmək lazım gəlir. Avropa ölkələrində baş verən korrupsiya faktlarını ifşa edən jurnalist, «WikiLeaks»in qurucusu Culian Assanc neçə illərdir ki, həbsdə günahsız yatır. Bu həmin jurnalistdir ki, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb. Sual olunur: əgər ədalətlisənsə və demokratik prinsplərə önəm verirsənsə nə üçün Culian Assancı müdafiə etmirsən?
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu anti-Azərbaycançı Peter Mikalkonun cavabını sərt şəkildə verərək Azərbaycanın məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib: «Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin.»

