Cəmiyyət 

Ödənişli yola sürət nişanı qoyuldu: Radar da quraşdırılacaq – AÇIQLAMA + YENİLƏNİB + FOTO

“İstər ödənişli, istər ödənişsiz, ümumiyyətlə avtomobil yollarında sürət həddini göstərən yol nişanları olmalıdır. Ödənişli Bakı-Quba yolu ilk dəfə istifadəyə veriləndə bu yol nişanı olmasa da, sonradan quraşdırılıb”.

Bunu Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

O bildirib ki, yolun müvafiq hissələrində radarların da quraşdırılacağı ehtimal olunur:

“Çünki yolda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən sürət həddi var və qoyulan sürət limitinin aşılması risk yarada bilər. Baxmayaraq ki, yolun inşası zamanı ayrı hərəkət zolaqları və qarşı-qarşıya hərəkət zamanı nəqliyyat vasitələrinin toqquşma riski minimuma endirilib. Amma hər bir yol-nəqliyyat hadisəsi fərdi olaraq araşdırılmaldır – harada, necə, sürət həddinin aşılması, yoxsa nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verib? Bütün bunlar araşdırılmalıdır. Yol-nəqliyyat hadisəsinə fərqli nüanslar səbəb ola bilər.

Düşünürəm ki, istifadəyə verilən yeni Bakı-Quba yolu daha təhlükəsizdir, amma hər bir sürücü özü öz ehtiyatını gözləməlidir”.

16:26

İstifadəyə verilən ödənişli Bakı-Quba yolunda sürət həddinə dair müzakirələr yekunlaşıb. Belə ki, sözügedən yolda sürət həddi 110 km/saat olaraq təyin edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı-Quba yoluna alternativ yol kimi çəkilən ödənişli avtomagistral yolda sürət həddinin 110 km/saat olduğunu göstərən nişan quraşdırılıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən yol nişanı bayram günləri ərəfəsində quraşdırılıb. Baxmayaraq ki, magistral yollarda maksimal sürət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.

Qeyd edək ki, sürücülərin yolda sürət həddinə ciddi riayət etməsini təmin etmək üçün hələ xüsusi texniki vasitələr (radar – red.) quraşdırılması hələ də həyata keçirilməyib.

Ödənişli Bakı-Quba yolunda isə artıq dəfələrlə ölüm və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bəs bu qəzalar necə və hansı meyarlarla aktlaşdırılır? Kim məsuliyyət daşıyır?

Bu suallara isə hələ də cavab verəcək qurum yoxdur.

Daha çox xəbərlər