Uşaqlar niyə bu qədər şirniyyat yeyir?
Təbii şəkərlərdən müəyyən miqdarda istifadə etmək xeyirli olsa da, süni şəkərlərlə bağlı bunu demək çətindir. Belə ki, bir çox mütəxəssislər bu şəkərlərdən istifadənin ziyanlı olduğunu bildirirlər. Üstəlik bol şəkərli məhsulları xüsusilə uşaqlar çox sevir.
Bəs şəkər uşaq orqanizmində hansı fəsadlara yol açır? Bu qədər şəkərə ehtiyac nədən irəli gəlir? Bunun qarşısını necə almaq olar? Uşaqların süni şəkər tərkibli məhsullara marağının azalması üçün hansı qidalardan istifadə etmək olar?
Şəkərli qidaları meyvə quruları ilə əvəzləyin
Endokrinoloq Lamiyə Nəbibəyli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bəzi süni şəkərlər adi şəkərlərdən 400-500 dəfə güclüdür: “Belə məhsullar arasında siroplar, qatılaşdırılmış konsentratlaşdırılmış qlükozalar və s. var. Bunlar beyində qlükozaya həssas olan reseptorları qıcıqlandırır və onlarda öyrəşmə yaradır. Daha sonra həmin orqanizm adi şəkərlə qane ola bilmir və reseptorlara daha çox təsir edən süni şəkərlərə ehtiyac duyur. Bu, təkcə uşaqlarda deyil, böyüklərdə də özünü göstərə bilir. Belə halda şəkərli qidaları azaltmaq, meyvə qurularından istifadəyə daha çox önəm vermək lazımdır. Eyni zamanda, əksər paketləşdirilmiş qidalarda xüsusilə şokoladlar və peçenyelərdə süni üsulla alınmış şəkər əlavələri olur. Hətta bu qidaların tərkibində konservantlar, stabilizatorlar, kansoregen maddələr, xüsusilə də trans yağlar olduğu üçün çox zərərlidir. Ona görə də əgər uşaqda dükanlarda satılan qidalara meyillilik varsa, analar uşaqlara yavaş-yavaş evdə hazırlanmış piroqlar və digər şirniyyatları verməsi məsləhətdir. Zamanla bu qidaların da miqdarını azaldaraq uşağı şəkərdən tamamilə uzaqlaşdıra bilərlər”.
Hər gün şokolad yemək yolverilməzdir
Pediatr Nigar Abdullayeva isə qeyd etdi ki, uşaqlar şəkərli qidalardan çox istifadə edirlər: “Bu məhsullar arasında meyvə şirələri, qazlı içkilər və s. var ki, bunlar zərərli qidalardır və istifadəsi tövsiyə olunmur. Bu məhsullar qanda şəkərin səviyyəsinin yüksəlməsinə, mədəaltı vəzdə gələcəkdə problemlərin yaranmasına gətirib çıxardığı kimi, şəkərli diabet xəstəliyinin əmələgəlmə riskini də yüksəldir. Həmçinin uşaqlarda artıq çəkinin və piylənmənin yaranmasına səbəb ola bilər. Məktəb yaşı dövründə olan uşaqların qidalarına valideynlər xüsusilə diqqət etməlidir. Valideynlərin uşaqların məktəbdə yemələri üçün müəyyən qida vasitələrini evdə özləri hazırlamaları daha məsləhətlidir. Uşaqların hazır market qidalarını, müxtəlif qənnadı məmulatlarını və şokaladları gündəlik istifadə etməsi yolverilməzdir. Bu qidalar uşaqlarda mədə-bağırsaq problemlərinə, mədədə müəyyən ağrıların olmasına, qastritin yaranmasına, dişlərdə kariesin meydana çıxmasına şərait yaradır. Təbii ki, bütün uşaqlar şəkərli qidaları sevir. Amma zərərli qidaları valideynlər meyvə quruları ilə əvəz edə və bununla da onların şəkərə olan tələbatını qarşılaya bilərlər”.

