Cəmiyyət 

Sağlam gələcək naminə narkomaniyaya “yox” deyək

Bu gün qlobal problemlər sırasında narkomaniya ən təhlükəli bəlalardan biridir. Xüsusən də gənclər arasında yayılmış “ağ ölüm” bəşəriyyəti narahat edir. Uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur.

Çox təəssüf ki, narkomaniya ölkəmizdə də ciddi problem olaraq qalmaqdadır. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı ardıcıl mübarizə bir çox istiqamətlər üzrə əməli addımlar atılması zərurətini şərtləndirir.

Gənclər və İdman Nazirliyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 14 bəndinin icraçısı müəyyən edilib.

Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.

Gənclər və İdman Nazirliyi bu sahədə xarici ölkələrin təcrübəsini və beynəlxalq praktikanı yaxından öyrənir, əldə edilən məlumat və təcrübədən faydalanmanı təmin olunur. Bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa, xüsusilə gənclər təşkilatları ilə işbirliyinə böyük diqqət yetirilir.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə metodiki tövsiyələrin hazırlanması, onlardan istifadənin təşviqinin aparılmasına görə 2022-ci ilin sonunda gənclərlə işləyən mütəxəssislər üçün “Asılılıq? Sən daha güclüsən!” adlı narkomaniyaya qarşı preventiv tədbirlər üzrə metodiki vəsait tərcümə olunub. Vəsait elektron formatında “Gənclər evi” sosial xidmət müəssisələrinə paylanılıb. Vəsaitə əsasən 2023-cü ilin 14-16 aprel tarixlərində gənclər evlərinin əməkdaşları üçün narkomaniyanın fəsadları haqqında “Sən daha güclüsən!” adlı təlim keçirilib.

Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi məqsədilə il ərzində proqram və layihələr təşkil olunub.

Nazirliyin nəzdində olan Olimpiya İdman Komplekslərində 2023-cü ildə 4625 nəfər gəncin iştirakı ilə 55 düşərgə təşkil edilib. Düşərgələr vətənpərvərlik, sağlam həyat, intellektual inkişaf, gənclərin iştirakı, dayanıqlı inkişaf və s. mövzulara həsr olunub. Gənclər və idman nazirinin xüsusi tapşırığına əsasən hər düşərgədə narkomaniyanın profilaktikasına dair ayrı sessiya keçirilib.

2023-cü ilin yanvarın 31-də keçirilmiş “Gənclərin Karyera günü”ndə 50-dən çox şirkət tərəfindən 1046 vakansiya, gənclər təşkilatları tərəfindən isə yerli və beynəlxalq təcrübə proqramlarının təqdimatı keçirilib.

2023-cü ilin əvvəlində Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında imzalanmış Memoranduma əsasən, “Yeniyetmələrin peşə seçiminə dəstək” layihəsinə start verilib. Layihə çərçivəsində 31 iyul-11 avqust tarixlərində Gənclər evlərinin əməkdaşları üçün təlimlər keçirilib. Nəticədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən Gənclər Evlərində 2 minə yaxın yeniyetmə peşə seçimi ilə bağlı müxtəlif testlərdən yararlanıblar.

2023-cü ilin oktyabr-noyabr ayları ərzində Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və UNİCEF Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində “Karyera məsləhətçisi” təlim proqramına start verilib. Birinci mərhələdən sonra Gənclər evlərinin 15 əməkdaşı təlimlərin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb. Layihənin icrası 2024-cü il ərzində davam etdiriləcək.

Gənclər və İdman Nazirliyi tabeliyində fəaliyyət göstərən 33 “Gənclər evi” sosial xidmət müəssisəsində il ərzində “Sağlam gələcək üçün dəyərlərimizi qoruyaq”, “Narkotiksiz azad yaşa”, “Sağlam gələcək üçün narkomaniyaya “yox” deyək”, “Gələcəyimizi birlikdə düşünək”, “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”, “Ağ ölümə qarşı birgə mübarizə aparaq!”, “Necə “yox” deməli?“ və s. başlıqlı 89 görüş, seminar və təlim həyata keçirilib. Bu tədbirlərdə 3 minə yaxın yeniyetmə və gənc iştirak edib.

Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkili üzrə də bir sıra tədbirlər təşkil edilib.

Eyni zamanda şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müxtəlif mövzularda təlim, layihə və tədbirlər həyata keçirilib.

Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılması məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanda vətəndaşların narkomaniyaya qarşı münasibəti və onun səbəblərinin araşdırılması ilə əlaqədar 21-29 oktyabr 2023-cü il tarixlərində Respublikanın 29 şəhər və rayonunda anonim formada tədqiqat aparılıb. Tədqiqata 16 yaşından yuxarı Azərbaycan Respublikası vətəndaşları daxil edilib. Tədqiqatda üzbəüz formada anonim olaraq təqribən 5600 nəfərlə sorğu aparılıb, bunlardan analizə yararsız olan anketlər çıxarıldıqdan sonra 5416 anket statistik analizə yararlı hesab olunub. Tədqiqata Gənclər evlərinin fəaliyyət göstərdiyi 29 şəhər və rayon daxil edilib. Tədqiqatın nəticələri təhlil edildikdən sonra, aidiyyəti dövlət orqanları ilə birgə müvafiq addımların atılması planlaşdırılır.

Narkomaniyaya qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Gənclər və İdman Nazirliyi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı öz töhfəsini vermək üçün bütün imkanları səfərbərliyə alaraq, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir.

Gənclər və İdman Nazirliyi

Daha çox xəbərlər