Gürcüstanın Baş naziri istefa verdi – YENİLƏNİB + FOTO
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.
İrakli Qaribaşvili bu barədə keçirdiyi xüsusi brifinqdə açıqlama ilə çıxış edib.
O, gələcəklə bağlı planlardan danışarkən qeyd edib ki, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini tutmaq təklifini qəbul edib və gələcək siyasi fəaliyyətini partiyada davam etdirəcək.
Mənbə: Sputnik Gürcüstan
15:28
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının keçirəcəyi son qurultayda mühüm siyasi dəyişiklik baş verəcək.
Bu barədə Gürcüstan mətbuatı xəbər verib.
Belə ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacaqlar.
Bununla da “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın baş naziri olacaq.
Hazırkı Baş nazir İrakli Qaribaşvili isə “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri vəzifəsini icra edəcək.
Məlumat üçün əlavə edək ki, İrakli Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi alıb. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində hüququn fəlsəfəsi ixtisası üzrə doktor dərəcəsinə layiq görülüb.
Mənbə: Imedi

