“Media erkən nigah məsələsində həssas olmalıdır” – Qulu Məhərrəmli
Bir-birinə qoşulub qaçan və toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olan Ruslan və Yeganə cütlüyü Baku TV-yə danışıb. Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır.
Bu hadisə bir çox ziyalılar tərəfindən mediada pedofiliyanın təbliği kimi qiymətləndirilib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, media cəmiyyətin güzgüsüdür. Ona görə də media bu məsələdə həssas olmalıdır:
“Mən o proqrama baxmamışam və mahiyyətindən xəbərsizəm. Onu deyə bilərəm ki, media cəmiyyətin qəbul etdiyi əxlaq normalarına uyğun fəaliyyət göstərməlidir. Yəni kimsə orada nəsə danışa bilər, özünün normadan yayınma faktı olan düşüncələrini təbliğ etmək istəyə bilər, amma bütün hallarda media tribuna, vitrin, cəmiyyətin güzgüsüdür. Ona görə diqqətli olmaq lazımdır ki, insanlar mediadan nəsə öyrənsinlər. Bu, əxlaq məsələsidir. Media bu məsələdə həssas olmalıdır”.

