Bu gün sükut, sabah Zəfər seçkisi – gözlər Azərbaycanda
MDB-nin baş katibi: “Biz ilk növbədə beynəlxalq norma və tələbləri deyil, ölkənin qanunvericiliyini əsas götürürük, çünki…”
Fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkisi ilə əlaqədar təbliğat kampaniyası dayandırılıb. Bu gün – 6 fevral “Sükut günü”dür. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqdim planı Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib. Plana əsasən səsverməyə hazırlıq saat 07:30-da başlanacaq. Saat 7:50-də seçki məntəqələri açıq elan ediləcək və seçki qutularının kilidlənməsi həyata keçiriləcək. Saat 08:00-də səsvermə açıq elan olunacaq. Saat 19:-00-da səsvermə başa çatacaq.
Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə – saat 10.00; saat 12.00; saat 15.00; saat 17.00; saat 19.00-da səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatları təqdim etməlidirlər. İnformasiya Mərkəzi seçki günü və ondan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatları MSK-nin internet saytında ilkin məlumat kimi yerləşdirməlidir.
Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatı fevralın 13-dək, dairə seçki komissiyalarının maliyyə hesabatı isə fevralın 18-dək MSK-ya təqdim edilməlidir.
Fevralın 18-nə kimi prezident seçkisinə yekun vurulmalı və nəticələr təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.

Azərbaycanda növbədənkənar prezident seçkisinin təşviqat kampaniyası səhər saat 8.00-da başa çatıb.
Təşviqatın sonuncu günü – fevralın 5-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Şirvan şəhərində seçicilərlə görüşüb.
Musavat.com xəbər verir ki, partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran prezidentliyə namizəd ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan prezidentliyə namizəd qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının qorunması iqtiqamətində, eləcə də sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsinə nail olacaq.
Prezidentliyə namizəd ədalətli cəmiyyət qurmaq üçün hüquqi dövlət quruculuğunun, hüquqi dövlət quruculuğu üçün isə ictimai şüurun inkişafının, demokratik dünyagörüşünün formalaşmasının zəruriliyini qeyd edib.
MSK-nın məlumatına görə, seçkilərdə 6 milyon 300 mindən artıq seçici siyahıya alınıb. Seçki günü qeyri-iş günü hesab olunur.
İşğaldan azad olunan Füzuli şəhərində səsvermə prosesi 3 məntəqədə baş tutacaq. AZƏRTAC-ın xəbərinə görə, 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurov bildirib ki, dairədə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 seçici qeydə alınıb. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır. Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək. Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək.
Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində seçki prosesi keçiriləcək. 57 saylı məntəqə Ağdam Konfrans Mərkəzində, 58 saylı məntəqə “AzərEnerji” ASC-nin binasında, 59 saylı məntəqə isə Kəngərli kəndində təşkil edilib.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib. Onlar arasında MDB-nin Baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri Serqey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri var.

Məzahir Pənahov
İlk görüş MSK-da keçirilib. MSK sədri Məzahir Pənahov seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayıb. O, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. MSK sədri beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibi prezident seçkisi ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib. M.Pənahov prezident seçkisinin azad, ədalətli və şəffaf keçrilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb. Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib ki, MDB Müşahidə Missiyası Azərbaycandakı seçkiləri müşahidə etmək üçün 17 yanvardan etibarən fəaliyyət göstərir. APA xəbər verir ki, ötən həftələr ərzində Missiya Qərargahının rəhbərliyi altında 8 müşahidəçi Azərbaycanın regionlarına səfər edib, dairə seçki komissiyalarının fəaliyyəti ilə, ərazi seçki məntəqələrinin yaradılması ilə tanış olub. S.Lebedev həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edilir: “Həmçinin seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Bizə bu işdə kömək edirlər və ilk növbədə seçkilərə dəvət olunduğumuz üçün minnətdarlığımı bildirirəm, çünki seçkiləri müşahidə etməyə dəvət olunmağımız bizə olan etimaddan xəbər verir. Təbii ki, biz bu etimadın davamlı olmasını səmimi qəlbdən arzulayırıq. Bu, böyük şərəfdir. İkinci məqam isə odur ki, bu, böyük məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirmə gözlənilir. Bizdən həmçinin dəstək göstərilməsi və kömək edilməsi gözlənilir. Biz Azərbaycan Respublikasının qonşularıyıq və bura dost kimi gəlmişik. Bu səbəbdən xoş niyyətlə gəlmişik, ümumi hədəfimiz var – seçkilərin yüksək səviyyədə təşkil edilməsi üçün əlimizdən gələni etmək”.
O qeyd edib ki, seçkiqabağı hazırlıq prosesi o təəssüratı yaradır ki, planlı şəkildə, yüksək təşkilatçılıq səviyyəsində və ən əsası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada hazırlıq gedir: “Biz ilk növbədə beynəlxalq norma və tələbləri deyil, ölkənin qanunvericiliyini əsas götürürük, çünki buna mütləq riayət edilməlidir. Məsələn, ABŞ-da seçki hüququ və seçki qanunları tamamilə fərqlidir, Avropa İttifaqı ölkələrində digər formadadır, hər ölkənin özünün xüsusiyyətləri var. Bu səbəbdən biz MDB məkanının qanunlarını əldə rəhbər tuturuq. Biz görürük ki, hazırlıq prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir”.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay isə deyib ki, Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini açıq göstərir. Y.Aldobeay qeyd edib ki, Azərbaycan təşkilatın çox fəal üzvüdür: “İƏT-in Nizamnaməsində qeyd olunub ki, üzv ölkələr demokratiyanı tam dəstəkləyir. 57 ölkə İƏT-in üzvüdür və onlardan 35-də seçkilər keçirilir. Biz onlardan dəvət alırıq. Biz ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamağı əsas götürürük. Sizdən xahişim olacaq ki, seçkilər uğurla başa çatdıqdan sonra Azərbaycanın təcrübəsini bizimlə bölüşəsiniz. Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”.
Qeyd edək ki, seçkini izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib. Hər məntəqədə 13-14 müşahidəçinin olması gözlənilir.

