Birlikdə narkomaniyaya qarşı…
Narkotiklərlə mübarizə sahəsində qəbul edilmiş qanunları, ölkə Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin əmr, göstəriş və kollegiya qərarlarını əldə rəhbər tutaraq ötən ildə paytaxtın hər bir rayonunda müvafiq RPİ NMB-si ərazi polis bölmələri ilə birlikdə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə kompleks tədbirlər təşkil olunmuş, bu növ cinayətlərlə məşğul olan şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş, çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Belə ki, Bakı şəhərinin on iki rayonu üzrə fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı tərtib olunmuş 2023-cü ilə dair iş planına uyğun olaraq müvafiq qurumların- Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm İdarəsinin, Baş Polis İdarəsinin, Baş Səhiyyə İdarəsinin və Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin birgə iştirakı ilə müxtəlif istiqamətlərdə, o cümlədən Sabunçu, Suraxanı, Nərimanov, Binəqədi rayonlarında «Narkomaniya sosial təhlukədir», «Narkotik gəncliyi məhv edir», «Azərbaycan gəncləri narkotik əleyhinə», Səbail, Nizami, Pirallahı, Qaradağ rayonlarında «Narkomaniya-ağ ölüm», «Narkomaniyaya yox deyək!», «Mən yaşamaq istəyirəm», «Narkomaniya ümumbəşəri bəladır», Yasamal, Xətai, Xəzər, Nəsimi rayonlarında «Zərərli vərdişlərə yox deyək», «Narkotiksiz gələcək və sağlam həyat», «Narkomaniya nədir?», «Narkomanlıq uçuruma aparan yoldur», «Narkomaniya ilə mübarızə», «Birlikdə narkomaniyaya qarşı» və sair mövzularda çoxsaylı tədbirlər keçirilmişdir. Ali təhsil, orta ixtisas, orta ümumtəhsil müəssisələri də daxil olmaqla digər məkanlarda keçirilən maarifləndirici tədbirlərdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, psixoloqların, din xadimlərinin, ziyalıların, həkim-narkoloqların iştirakı təmin edilmiş, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar verilmiş, sualları çavablandırılmış, maarifləndirici bukletlər paylanılmış, videoçarxlar nümayiş etdirilmiş, tədbirlər yazılı və elektron KİV-lərdə işıqlandırılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına,”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və qüvvədə olan normativ aktlara uyğun olaraq narkomanlığın qarşısının alınması daim diqqət mərkəzində saxlanılmış və bu zərərli vərdişlə mübarizə səmərəli təşkil olunmuşdur. Beləki Narkomaniya ilə mübarizə sahəsində vətəndaşların aktiv fəaliyyət göstərməsi, həmçinin şəxslərin müraciət etmək imkanlarını genişləndirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətlərində elektron ünvanlar, etimad telefonları açılmış və bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunmuşdur.
Narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəaları və tələbləri internet resurslarından və digər təbliğat vasitələrindən istifadə etməklə əhaliyə izah edilmiş, narkotikdən istifadə edənlərin aşkar edilməsi metodları təkmilləşdirilmişdir..
Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələri genişləndirilmiş və təkmilləşdirilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılmasının qarşısının alınması işlərinin, maarifləndirmənin gücləndirilməsi məqsədilə 12 rayon üzrə müvafiq komissiyalar və rayon Polis idarələrinin birgə təşkilatçılığı ilə rayon prokurorluqları, Narkoloji Dispanserin əməkdaşlarının, rayon Gənclər və idman idarələrinin, qeyri – hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2023-cü il ərzində Bakı şəhərində yerləşən tam orta təhsil müəssisələrinin əksəriyyətində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!”, “Narkomaniya ümumbəşəri bəladır!”, “Sağlam həyat naminə narkotikə yox deyək!”, “Gənclər sağlam həyat tərzini seçir” mövzularında dəyirmi masalar, seminar müşavirələr keçirilmişdir. Tədbirlərdə narkomaniyaya aid video çarxlar nümayiş etdirilmiş, şagirdlərə bukletlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq 2023-cü il ərzində ümumtəhsil müəssisələri ilə yanaşı digər idarə və təşkilatlarda narkomaniya əleyhinə çoxsaylı tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon İcra hakimiyyətlərinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideyinlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilmişdir.
Hər il narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair tədbirlər planı işlənib hazırlanır. Bütün ali təhsil, orta ixtisas və ümumtəhsil müəssisələrində, gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində mühazirələr, seminarlar və digər hüquqi maarifləndirici tədbirlər təşkil olunur.
Ümumiyyətlə, Bakı şəhərində fəaliyyət göstərən bir çox ümumtəhsil, peşə, orta-ixtisas və ali təhsil müəssisəni əhatə edərək 2023-cü il ərzində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyaları tərəfindən çoxsaylı tədbir keçirilmişdir.
Rayon Gənclər idarələrinin nümayəndələrinin, hüquq-mühafizə işçilərinin iştirakı ilə ümumtəhsil müəssisələrində müxtəlif tədbirlər keçirilib. Məktəblərin müəllim-valideyn kollektivlərinin birgə iştirakı ilə “Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirici toplantılar keçirilmişdir. Tədbirdə uşaqları zərərli vərdişlərdən qorunması yolları qonaqlar tərəfindən aşılanmışdır.
Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə rayon Polis idarələrinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları, İctimai Təhlükəsizlik Şöbəsinin və Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin işçiləri, ali və orta-ixtisas təhsil müəssisələrinin Gənclər təşkilatının üzvləri Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaların üzvləri ilə birgə əlaqəli profilaktik tədbirlər həyata keçirir. Tədbirlərdə gənclərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsi, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.
Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meyilli insanların sayında artım müşahidə olunur. Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin reallaşdırılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.
Bakı şəhəri üzrə fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələri və onların perekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı»nı rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomaniyadan əziyyət çəkən səxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, əhaliyə, xüsusilə də yeniyetmə və gənclərə narkomaniya və onun insan, cəmiyyət, bütövlükdə dövlət üçün necə böyük bir bəla, faciə olmasını təbliğ edən tədbirləri mütəmadi təşkil etməklə fəaliyyətlərini daha da gücləndirmiş və cari ildə də bu istiqamətdə tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Könül Əfəndiyeva,
Bakı Şəhər İcra Hakimiyyəti

