Qeyri-sabit hava şəraitində xəstələnməmək üçün nə etməli?
Son günlər ölkəmizdə qeyri-sabit hava şəraiti hökm sürür. Xüsusilə də iki gün öncə gündüz saatlarında havanın temperaturu kifayət qədər yüksələrək təxminən 15-20 dərəcə olmuşdu. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında belə hava şəraitinin qarşıdakı günlərdə də olacağı gözlənilir. Qış ayında olduğumuza görə təbii olaraq insanlar hava şəraitinin dəyişməsi ehtimalını nəzərə alaraq qalın geyinirlər. Belə olanda isə tez-tez tərləyir və xəstələnirlər. Üstəlik son aylar ərzində Azərbaycanda kəskin respirator virus infeksiyaları da geniş yayılıb. Qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər artıb. Bəzi insanlar qripi yüngül ayaqüstü keçirsələr də, immuniteti zəif olanlar xəstəliyi heç də yaxşı keçirmir. İnsanları əsas maraqlandıran suallardan biri anormal istiliyin insanlarda hansı fəsadları yarada biləcəyi ilə bağlıdır.
Bütün bunları nəzərə alaraq belə hava şəraitində insanlar xəstəliklərdən necə qorunmalıdır? Hansı üsullardan istifadə etmək xəstəliyin qarşısını almağa kömək edə bilər?
Həkim-infeksionist Mərdan Əliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hava şəraitinin mövsümə uyğun olmaması insan orqanizmində müxtəlif problemlərin meydana gəlməsinə səbəb olur: “Bu problemlər arasında stress də var. Hava şəraiti gün ərzində bir neçə dəfə dəyişdiyi üçün düzgün geyimin seçilməsi də mümkün olmur. Bu isə insanın tərləməsinə səbəb olur. Üstəlik mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yorğunluq, yuxusuzluq insanda soyuqdəymə simptomlarının yaranmasına və immunitet sisteminin zəifləməsinə gətirib çıxarır. Ona görə də, ilk növbədə, düzgün qidalanmaya fikir vermək lazımdır. Düşünürəm ki, son dövrlərdə insanlar daha çox qeyri-düzgün qidalanmaya üz tuturlar. Xüsusilə də həddən artıq şirniyyat, yağlı yeməklər, “fast-food” və sosiska-kolbasa məhsulları yeyirlər. Bu qidaların miqdarını azaltmaq lazımdır. Onların əvəzinə isə təzə mövsümi meyvə və tərəvəzlərdən, qoz, fındıq, badam kimi çərəzlərdən istifadə etmək olar. İmmunitet sistemini yaxşılaşdırmaq üçün düzgün yuxu rejiminə də əməl etmək önəmlidir. Ona görə də gün ərzində 7-8 saat yatmaq lazımdır”.

