Cəmiyyət 

Elektromobillərin idxalı artır: Bu, ölkədə nəqliyyatın vəziyyətinə necə təsir edir?

Fevralın 15-də ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev Bakıda keçirilən “Davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusundakı forumda 2019-cu ildən etibarən mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştlərinin tətbiq olunmağa başlanıldığını xatırladıb. Onun sözlərinə görə, bundan sonra elektromobillərin ölkəyə idxalında artım müşahidə edilir. Belə ki, 2023-cü illə 2021-ci ili müqayisə etdikdə 20 dəfəyədək daha çox elektromobilin idxal olunduğu məlum olub.

Maraqlıdır elektoromobillərin ölkəyə idxalı nəqliyyatın vəziyyətinə, ekoloji duruma necə təsir edib? Ümumiyyətlə, elektromobillərin idarə edilməsi üçün ölkədə doğru struktur qurulubmu? Belə maşınların ölkəyə idxalı nəqliyyat üçün müsbətdirmi?

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycana elektromobillərin gətirilməsi üçün bir çox stimullaşdırıcı addımlar atılıb və proses davam edir: “Gələcəkdə elektromobillər üçün parklanmada güzəştlər, geniş servis xidmətlərinin yaradılması, elektrik doldurma məntəqələrinin sayının artırılması ilə bağlı mənim də aidiyyəti şəxslərlə bir neçə görüşüm olub. Artıq cənab Prezidentin tapşırığı ilə bir müəssisə yaradılıb. Həmin müəssisə Əhməd Rəcəbli küçəsində yerləşən “ASAN xidmət” mərkəzində fəaliyyət göstərir və onlar Bakı şəhərində bir çox ərazilərə elektrik doldurma məntəqələri quraşdırırlar. Biz bu məntəqələrin dəmir yolu stansiyalarında təşkili ilə bağlı razılığa gəlmişik. Eyni zamanda, yaşayış komplekslərində belə platformaların yaradılması nəzərdə tutulur. Düzdür, bəzi sahibkarlar buna ciddi yanaşmasalar da, nəzərə almaq lazımdır ki, yeni binaların həyətlərində belə məntəqələrin bir neçəsi mütləq olmalıdır. O cümlədən, yanacaqdoldurma məntəqələrində də belə məntəqələr yaradılmalıdır. Artıq bu prosesə start verilib və bir çox yanacaqdoldurma məntəqələrində elektrik doldurma stansiyaları var. Lakin bölgələrdə elektrik doldurma stansiyaları yox səviyyəsindədir. Elektromobillərin ölkəyə gətirilməsi ilə bağlı gömrük güzəştləri hələlik üç il müddətinə verilib. Bu avtomobillər ƏDV-dən və gömrük rüsumlarından azaddır. Ancaq düşünürəm ki, bu müddəti bir az da artırmaq olar beləliklə, daha çox elektrik avtomobillərinin ölkəyə gətirilməsinə imkan yaratmış olarıq. Ancaq elektrik avtomobillərlə bağlı müəyyən qüsurlar da ortaya çıxır. Belə ki, şaxtalı havalarda, qış aylarında elektrik avtomobilləri 400-500 km məsafə qət etməlidirsə, bu, yarıya qədər azalır. Servis xidməti olmadığına görə də insanlar bəzən bu avtomobilləri almağa tərəddüd edir. Bütün sadalananları nəzərə alaraq, belə halların yaranmaması üçün bu istiqamətdə daha ardıcıl və praqmatik addımlar atılmalı, planlı şəkildə işlər görülməlidir. Pərakəndə iş yaxşı effekt vermir. Ona görə də, proses mütləq davamlı şəkildə aparılmalıdır”.

Digər nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, hələ elektromobillərin ölkəyə idxalının artmasının ekoloji duruma necə müsbət təsir etdiyini deyə bilmərik: “Bunun üçün uzun müddət lazımdır. Lakin elektromobillərin sayının artması çox yaxşı göstəricidir. Bu, onu deməyə əsas verir ki, vətəndaşlarımız ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verirlər. Bu gün artıq idxal olunan avtomobillərin müəyyən hissəsini belə nəqliyyat vasitələri təşkil edir. Elektromobillərin ölkəyə idxalı, əlbəttə ki, müsbət haldır. Lakin bu gün biz görürük ki, fürsətdən istifadə edən bəzi insanlar Çində istehsal olunmuş, amma hazırda Avropa standartlarına cavab verməyən, üstəlik Azərbaycanda rəsmi servisləri və təmir mərkəzləri olmayan elektromobil modellərini ölkəmizə daşıyırlar. Bu gələcəkdə vətəndaşlar üçün baş ağrısı ola bilər. Çünki təmiri olmayan nəqliyyat vasitəsi sonda bir metalloma çevrilir. Ona görə də, rəsmi servisi olmayan elektromobillərin ölkəmizə idxalına icazə verilməməlidir”.

Daha çox xəbərlər