Əsas səhifə 

Zəfər seçkisi

Qədim və zəngin tariximizə nəzər salanda  bu ərazilərdə yaşamış Oğuz türkünün minillik möhtəşəm və qələbəli günləri çox  olmuşdur, son 34 ilin şanlı günləri yada düşəndə isə, müzəffər ordumuzun dünyaya səs salan əzmkarlıq və qətiyyətli addımları fəxarət hissi ilə duyulur. 2020 -ci ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu xalqımızın Zəfər salnaməsini yazdı.

Müdriklər deyib: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” Biz də sülh istəyirdik. Çünki azərbaycanlılar tarixboyu sülhsevərlik və tolerantlıq tərəfdarı olub. Tanrı bizi məhz bu cür yaradıb. Sülh istədiyimiz üçün də müstəqilliyi yeni qazandığımız illərdə itirdiyimiz torpaqların işğaldan azad olunması üçün 30 ilə yaxın gözlədik, diplomatik danışıqlar prosesinə ümid bəslədik.Düşündük ki ,dünya bu qədər ədalətsiz olmayacaq, Azərbaycanın BMT və beynəlxalq hüquq tərəfindən tanınmış ərazi bütövlüyünün bərpasına nail olması üçün işğalçını yerində oturdacaq. Amma yanılmışdıq. Çünki dünya hələ də güclünü qalib sayan, gücsüzü görməzdən gələn köhnə dünya imiş. Yanılan isə təkcə biz deyildik, elə qoca dünya da yanılmışdı. Üç əsrdən çoxdur, tarixi torpaqları zaman-zaman əlindən alınan ən sülhsevər xalqın səbir kasasının bir gün daşacağını və silaha əl atacağını heç kəs gözləmirdi. Kimsənin ağlına belə gəlmirdi ki, döyüşdə silahının patronu qurtaran əsgər düşmən səngərinə əliyalın girib, işğalçı generalı əlləri ilə boğacaq, şəhid anası göz yaşlarını gizlədib, övladının tabutunu özü daşıyıb “sinəndən vuruldun sənə halal olsun”, – deyəcək. Şəhid atası oğlunun cənazəsini qarşılayarkən qurban kəsəcək. İki oğlunu Vətənə qurban verən valideynlər Ali Baş Komandana “müharibəni dayandırmayın, son damla qanımıza kimi döyüşək, ta ki azad olsun yurdumuz” tipli teleqramlar vuracaq. Heç kimin ağlına gəlmirdi ki, təqaüddə olan babalar müavinətini, torpağa alın tərini qatıb ruzi qazananlar illik ruzilərini orduya bağışlayacaq. Bir evdə beş oğul varsa beşi də müharibəyə getməyə can atacaq. Bütün bunlar yaxın keçmişdə Azərbaycanda baş verirdi. Biz bunları kitablardan oxumadıq, kinofilmlərdə görmədik, yaşadıq. 44 günlük Vətən müharibəsində yaşadıq. Bunlar 30 illik işğaldan bezən xalqın öz qüruru və şərəfi uğrunda mübarizəsi, həm də susqunluğu, bitərəfliyi ilə işğalçıya dəstək verən dünyanın ədalətsizliyinə etirazı idi.

İgid oğullarımız sentyabrın 27-ni tariximizə öz qanları ilə yazdı. Yeni bir tarixi gün, yeni bir qələbə illərdir, torpaq həsrəti ilə yaşayan insanların gözündə sevinc yaşına, ürəyində qürura döndü. 27 sentyabr günündən başlayaraq 44 gün ərzində el bir oldu, “Biz birlikdə güclüyük” şüarı Qarabağımızın azadlıq çağırışına döndü. Bu müharibədə qazanılan qələbə  zamanın axışını dəyişdi. Regionun və dünyanın tarixini yenidən yaratdı. Alman faşizmindən daha qəddar olan erməni faşizminə “dəmir yumruğ”umuzla sarsıdıcı zərbə vurduq. Postsovet məkanında 1945-ci ildən sonra ilk Qələbə paradı da Bakıda keçirildi. Vaxtilə ermənilərin “Bakıya öz tanklarımızla gedəcəyik” “xəyalını” ordumuz tərəfindən ələ keçirilən məğlub ordunun tanklarını parada gətirərək gerçəyə çevirdik. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. Bütün dünya mediası oğullarımızın igidliyindən, qəhrəmanlığından yazdı. Bu şanlı zəfərin əsas təməlləri elə o vaxtı, 20 il öncə Ümummilli Liderimizin siyasi kursunun sabitlik və inkişaf yolu olduğunu görən xalqın keçirilən prezident seçkilərində dahi öndərin layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək prezident seçməsi ilə qoyuldu. 31 oktyabr tarixdə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qarşısında bu vədi verdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Cənab İlham Əliyev, eyni zamanda əminliyini ifadə etmişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqıdır, Azərbaycan xalqının iradəsidir”, – deyən cənab İlham Əliyevin fəaliyyətinin əsas qayəsi onun daim xalqın yanında olması, xalqının isə ona böyük inam və etimad göstərməsi idi. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Belə də oldu. Bu illər ərzində o, verdiyi hər bir sözə əməl etdi.O, azərbaycanlılar üçün, sadəcə, prezident deyil, layiqli prezident olmağı bacardı. Bu gün Azərbaycan xalqı yenidən vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Liderinə etimad göstərərək onu bir daha özünə Lider seçdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti, müdrik rəhbərliyi və şanlı dövlət başçısı tərəfindən ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında imzalanan digər bir sərəncam da müvafiq istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin qətiyyətlə və uğurla yerinə yetiriləcəyinin siqnalı sayıla bilərdi. Bu mənada, ilk dəfə ölkənin bütün suveren ərazisində növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi həm regionda, həm də ölkəmizdə yeni reallıqların yaranması deməkdir. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir. Xalqın etimadını doğruldan prezident sayca 9-cu rəsmi seçki olan növbədənkənar prezident seçkilərində yenidən səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Bu gün o, xalqın mütləq əksəriyyətinin etimad göstərdiyi lider kimi ölkəmizi müstəqil, inkişaf etmiş və ərazi bütövlüyü təmin edilmiş dövlət olaraq bütün dünyada təmsil etməkdədir. Azərbaycan xalqı bu seçimi ilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs verdi.  Bu seçki tarixdə “Zəfər seçkiləri” olaraq yaddaşlarda qaldı.7 fevral seçkilərində xalq Müzəffər liderinə səs verməklə bütün dünyaya mesaj göndərdi: Azərbaycan Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişaf mərhələsində də liderinin yanında olacaq.

Bu gün Zəfər seçkisi Azərbaycan bayrağı dalğanan Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Ağdamda keçirildi. İlk dəfə olaraq məğrur keçmiş köçkünlər işğaldan azad edilmiş torpaqlarımızda xalqın ən layiqli namizədinə səs verdilər. Suveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində müqəddəs bayrağımız altında keçirilən seçkilər hər birimizdə qürurlu anlar yaşatdı. Buna görə də, əminliklə demək olar ki, Zəfər seçkilərini qazanan əvəzedilməz lider İlham Əliyevin qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəsini davam etdirməsinə mandat verdi. Bu qələbə sonrakı nəsillər, eləcə də digər ölkələr və onların liderləri üçün nümunə olacaqdır.

Əslində, 7 fevral seçkilərində Azərbaycan xalqı qələbə qazandı. Çünki Zəfər seçkilərində xalqına verdiyi bütün vədlərinə sadiq qalaraq qeyd etdiyi kimi hər bir azərbaycanlının prezidenti olan xalqın lideri İlham Əliyev qalib gəldi. Prezident İlham Əliyev hər birimiz  üçün elə Azərbaycan qədər əzizdir. Hazırda hamımız bu tarixi anları yaşayarıq, Azərbaycan vətəndaşı, arzuların gerçəkləşdiyi qalib ölkə olmağımızdan fəxarət hissi keçiririk. Sözsüz, bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq.

Şəhanə Hüseynova,
Bakı şəhəri, Xətai rayonu, İlqar Cəfərov adına 260 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Daha çox xəbərlər