Gündəm 

Azərbaycanın mövqeyi ədalətlidir

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.44 gün davam edən Vətən müharibəsi xalqımızın otuz ilə yaxın torpaq həsrətinə son qoydu və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədalət bərpa olundu, qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bəli, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı da önəmli rol oynadı.

Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular. Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək bir səviyyədə döyüşərək, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəldilər. Beləliklə, əgər Vətən sevgisi, dövlətə, xalqa belə möhkəm bağlılıq olmasa idi, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Sağlam və çiçəklənən cəmiyyətin təməlini ədalətə inamsız təsəvvür etmək olmaz. Ədalət prinsiplərinə möhkəm inam olmadan qələbə qazanmaq olmaz. Məhz bu inam, xalq, dövlət birliyi Müzəffər Ali Baş komandan Prezident cənab İlham Əliyevin 10.01.2024 tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə səsləndirdiyi fikirlərdə bildirdiyi kimi “Mənim hisslərim Azərbaycan vətəndaşlarının hissələrindən heç də fərqlənmirdi. Bax bugün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyacanlı idi. Onu açıq deyə bilərəm. Xankəndində isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və zəfərimizin son nöqtəsi idi”. Azərbaycanın Ali baş komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan daim özünü müdafiə edəcəkdir və dünya arenasında Azərbaycan daha böyük işlərə imza atacaqdır. Heç bir dövlət, heç bir qüvvə cənab İlham Əliyevi və Azərbaycan xalqının vətənpərvərliyini, əzmkarlığını qıra bilməz. Yaşasın qalib Azərbaycan xalqı, yaşasın ali baş komandan cənab İlham Əliyev!

Kəmalə Quliyeva,
Bakı şəhəri, Xətai rayonu, İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının üzvü

Daha çox xəbərlər