Cəmiyyət 

Sosial media yeniyetmələrdə depressiya yaradır, yoxsa…

Sosial şəbəkələrin psixoloji problemlər, ilk növbədə depressiya və narahatlıqla əlaqəli olub-olmasına dair çoxsaylı araşdırmalar mövcüddur.  Bu kimi halların hansı səbəbdən və hansı təsirlərdən qaynaqlandığını tam bilmədiyimiz üçün belə bir sual yaranır: Sosial şəbəkələr bizi pis əhval-ruhiyyəyə salır, yoxsa pis əhval-ruhiyyə bizi sosial şəbəkələrə sürükləyir? 

Rusiyanın məşhur “Elm və həyat” jurnalının onlayn versiyasında bu mövzu ilə bağlı maraqlı məqalə yayımlanıb. Həmin yazıda qeyd edilir ki, bəzi araşdırmalara görə, sosial medianın zehni rifahı yaxşılaşdırdığını göstərən sübutlar da var. Məsələn, Norveç Elm və Texnologiya Universitetinin və Braun Universitetinin əməkdaşları hesab edirlər ki, bu cür araşdırmalarda hər hansı bir əlaqə varsa belə, bu,  çox zəif müşahidə olunur. Onların öz müşahidələri göstərir ki, sosial medianın yeniyetmənin depressiyası və narahatlığı ilə heç bir əlaqəsi yoxdur.

“Computers in Human Behavior” jurnalında 10 yaşından başlayaraq 16 yaşı tamam olana qədər 800-dən çox norveçli yeniyetmə uşaq üzərində aparılan psixoloji testlərin nəticələrindən bəhs edən məqalə dərc olunub. Aparılan psixoloji testlərdə depressiya və narahatlıq pozğunluğu əlamətlərindən əlavə, onların sosial şəbəkələrə olan həvəslərinə və aktivliyinə də diqqət yetirilib. Təbii ki, tədqiqatda iştirak edən yeniyetmələrin çoxunda həm depressiya, həm də narahatlıq əlamətləri müşahidə edilib. Yeniyetməlik dövrünə qədəm qoyan uşaqlarda bunların heç birinin olmayacağını gözləmək qəribə olardı. Və təbii ki, onların hamısı sosial şəbəkələrdən bu və ya digər dərəcədə istifadə edirdilər. Ancaq hansısa bir artan simptomlar sosial media fəaliyyəti ilə  əlaqəli deyildi.

Başqa sözlə desək, sosial şəbəkələrdə aktivliyin yüksəlməsinin xoşagəlməz psixoloji simptomların artmasına təsir etməsi haqqında heç bir etibarlı statistik nümunə tapmaq mümkün olmayıb. Və əksinə: depressiya və narahatlığın təzahürü sosial şəbəkələrdən istifadə əmsalına təsir göstərməyib (söhbət yalnız pis əhval-ruhiyyə epizodlarından deyil, ciddi simptomlardan gedir).

Nəticələr həm oğlanlar, həm də qızlar üçün eyni olub. Bəlkə də sosial şəbəkələrin yeniyetmə psixikasına təsiri həqiqətən də şişirdilir. Lakin, depressiya və xroniki narahatlıqdan başqa psixikada digər problemlər də ola bilər və bu psixi anomaliyalar virtual ünsiyyətlə əlaqəli ola da bilər. Digər ölkələrdə də oxşar tədqiqatların aparılıb-aparılmadığını bilmək maraqlı olardı.

Daha çox xəbərlər