Rusiyanın benzin ixracına qoyduğu qadağa Azərbaycana necə təsir edəcək?
“Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təchizatına təsirlərini bilmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır”.
Bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton Ai-95 markalı benzin idxal edib. Deməli, yuvarlaq götürsək, 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək Rusiyadan idxal azalıb.
2023-cü ildə Ai-92 markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27%-nə bərabər olub”.
Ekspert əlavə edib ki, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik: “Bu isə onu deməyə əsas verir ki, Rusiyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Ai-95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur.
O ki qaldı, Rusiya niyə ixraca qadağa qoyur? Rəsmi Moskva bunu kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehsal və emal proseslərinə təsiridir”.

