Sosial 

Bu şəxşlər güzəştli şərtlərlə PENSİYAYA ÇIXA BİLƏR/EKSKLÜZİV

Məlum olduğu kimi, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edilib. Yeniliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib.

Bəs hansı sahələrdə çalışan şəxslərin güzəştli pensiya almaq hüququ mövcuddur? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən özəl açıqlamada bildirildi ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (https://e-qanun.az/framework/12731) əksini tapır.

Həmin Siyahıda qeyd edilən işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata o da qeyd edildi ki, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardan biri də davamlı olaraq aparılan sosial sahədə islahatlardır. Bu islahatlar pensiya təminatının gücləndirilməsi ilə yanaşı, pensiya təminatı sisteminə əlçatanlığın artırılmasına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə də imkan yaradıb.  Bunun bir təzahürü olaraq, son iki ildə həmin Siyahıya ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib.  Hazırda 35 hissə, 280 yarımhissədən ibarət olan Siyahıda 4 mindən çox peşə və vəzifə, göstərici vardır ki, həmin sahələrdə çalışanlara 5 il erkən  pensiyaya çıxmaq hüququ verilib.

Qeyd edək ki, hazırda pensiya yaşı həddi kişilərdə 65 il, qadınlarda isə 63 il 6 aydır. Beləliklə, yaş həddi müvafiq göstəriciyə uyğun azaldıldıqda, bu rəqəmdən çıxılmaqla müəyyən olunur.

Daha çox xəbərlər