Narkoloji Mərkəzdə rüşvət alan vəzifəli şəxsləri nə qədər həbs cəzası gözləyir? – AÇIQLAMA
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Emil Aslanov bildirib ki, rüşvət almağa 3 ilədək müddətə müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olmaqdan məhrum edilməklə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub:
“Rüşvət almaq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, cinayət məcəlləsinin 311-ci maddəsi ilə, yəni rüşvət almaq, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə, eləcə də ümumi himayədarlıq və laqeydlik müqabilində öz və ya 3-cü şəxslər üçün birbaşa, dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti, güzəşti, imtiyazı alması və yaxud təklif qəbul etməsi hesab olunur. Həmin maddənin sanksiyasında 3 ilədək müddətə müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olmaqdan məhrum edilməklə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Lakin bu əməllər vəzifəli şəxslər tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alınırsa, bu halda cəza sanksiyası daha da ağırdır. Yəni 5ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası verilir. Bundan əlavə, əgər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilirsə və ya təkrar törədilirsə, bu halda sanksiya daha artıq 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzalandırılır”.