Cəmiyyət 

Yüksək sosial rifah, vətəndaş məmnunluğu – Günün tələbi

Regionda böyük nüfuz sahibinə çevrilən Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Statistik məlumatlara nəzər salsaq görərik ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. Bu illər ərzində icra olunan 4 sosial islahat paketinin hər birində pensiyaların artırılması öz əksini tapıb. 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə artaraq 110 manatdan 280 manata, orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manatdan 436 manata çatıb. Bununla yanaşı, yaşa görə orta aylıq pensiyada isə 2 dəfə artım müşahidə olunub ki, bu da 234 manatdan 467 manata qədər artım deməkdir. Xatırladaq ki, 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub.

Əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması istiqamətində 4 milyondan çox vətəndaşımıza 7 milyarda yaxın vəsait ayrılıb. Həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə və əməkhaqqı fondu 2,7 dəfə artıb. O cümlədən sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artaraq illik 400 milyon manatdan 1,9 milyard manata yüksəlib. Bundan başqa, ünvanlı yardımın orta aylıq məbləğində 2,8 dəfə (175 manat – 487 manat), ehtiyac meyarı 2,3 dəfə (116 manat – 270 manat) artıb, habelə, 10 yeni sosial ödəniş növü təsis edilib.

Bu günə qədər qəbul edilən Dövlət proqramları böyük uğurla icra olunub. Görülən işlər əhalinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və s. səbəb olub. Regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir. Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu sahəyə böyük önəm verilir. Elə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də sosial təminat sisteminin daha effektiv və ədalətli olması üçün aşağıgəlirli, yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi nəzərdə tutulur. Yəni, dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir. Başqa sözlə, bu günün tələbi cəmiyyətin bütün təbəqələrinin yüksək sosial rifah şəraitində yaşamasına, vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır.

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil verilib. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır. Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 10,4 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 9,9 min şəxs isə münasib işlə təmin edilib. Həmçinin 642 şəxs peşə hazırlığına cəlb olunub. Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.

Bir sözlə, həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır. Vətəndaş amili ölkəmizin dövlət siyasətinin əsasında durur və Azərbaycanda güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modeli prioritet seçilib.

Daha çox xəbərlər