Cəmiyyət 

Sahibsiz itlərlə bağlı məsuliyyət kimin üzərindədir?

Xəbər verdiyimiz kimi, ötən gün “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında azyaşlı uşaq itlərin hücumuna məruz qalıb. Zərərçəkən 9 yaşlı (kişi cinsli) uşaq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə nəticəsində uşaq çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Bəs sahibsiz itlərlə bağlı məsuliyyət kimin üzərindədir?

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov BiG.AZ-A açıqlama verib.

Deputat bildirib ki, bu tip hadisələr dünyanın əksər ölkələrində baş verir.

“İnsanlar sosial medialarda da belə videolarla tez-tez rastlaşır. Düşünürəm ki, bizdə itlərlə bağlı xüsusi bir qurum yaradılıb. Bu qurum Toplan adlanır. Onlar daim bu məsələlərlə məşğuldurlar. Toplan sahibsiz itləri yığıb qayğı göstərir. Bu sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün ayrılıb. Burda olan ən önəmli nüans isə vətəndaşların fəal olmasıdır. İnsanlar sahibsiz it görən kimi lazımı qurumlara müraciət etməlidirlər. Əvvəlki dövrlərdə biz itlərin qətlə yetirildiyinin şahidi olurduq. Amma bu düzgün yanaşma deyil. Dünya standartlarına görə qəbuledilməzdir. İndiki dövrdə belə hallardan çıxış yolu vətəndaşlardan da asılıdır. Əgər bu mərkəzin özünün fəaliyyətində qeyri-operativlik varsa, bununla bağlı həmin qurum öz fəaliyyətinə baxmalıdır. Bu kimi hadisələrin təkrarlanmaması üçün hər iki tərəf müəyyən addımlar atmalıdır”.

Respublikada olan itlərin sayını nəzərə alsaq bir sığınacağın kifayət olması ilə bağlı deputat öz fikirlərini bölüşüb.

“İtlərin sayı ilə bağlı qarşı tərəf daha yaxşı məlumatlıdır. Qeyd edək ki, bu sistem yeni işləməyə başlayıb. Belə bir hal varsa, bu kimi hadisələrin baş verməməsi üçün müəyyən işlərin görülməsinə ehtiyac var. Gələcəkdə bununla bağlı addımlar atılıb, bir neçə məntəqə yaradıla bilər”.

Daha çox xəbərlər