Bakı Metropoliteninin vaqon parkı yenilənir
Nə qədər yeni nəsil vaqon gətiriləcək?
Bakıda nəqtiyyat sisteminin yenidən qurulması sahəsində aparılan islahatlar hər bir paytaxt sakininin gündəlik həyatına müsbət təsir edir. Bu baxımdan Bakı Metropolitenində həyata keçirilən yeniliklər insanların rahatlığı naminə xüsusilə əlamətdardır. Son illər bu sahədə böyük dəyişikliklər nəzərə çarpır. Yeni metro stansiyaların açılması, istismarda olan köhnə qatarların yeni nəsil qatarları ilə əvəz olunması, həmçinin digər texnoloji yeniliklər buna əyanı sübutdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər tarixinin şərəfinə 2021-ci ildə yeni istifadəyə verilmiş yeni xətt “8 Noyabr” stansiyası adlandırılıb. 2022-ci ildə “Xocəsən” stansiyası, eləcə də xəttin əsas təsərrüfat məsələlərinini həllində vacib olan “Xocəsən” elektrik deposu istifadəyə verilib. Hazırda xəttin şərti adı “B-04” olan stansiyası inşa edilir və 2025-ci ildə istismara veriləcək. Eyni zamanda, bir yolu tam yenidən qurulmuş “Cəfər Cabbarlı” stansiyasının digər yolunda işlər sürətlə yekun mərhələyə doğru irəliləyir.
Yeni xətlərin innovativ texnologiyalarından bəhs edərkən, bütünlüklə ən müasir dünya təcrübəsinin hər sahədə tətbiqindən danışmamaq olmur. Yollar dəmir-beton bloklarla təchiz olunur, elektrik təchizatında, qatarların hərəkətinin təşkili üçün mühüm olan işarəvermə, rabitə sahələrində müasir texnologiyalar və innovativ düşüncə tərzinin əsas götürülür.
2015-ci il aprelin 16-da Prezident İlham Əliyevin iştirakı ilə Bakı Metropoliteniində, yeni xətlərdə istismar olunacaq ilk 3 yeni nəsil qatarı istismara verilib. Avtoidarəetmə imkanlı 4-cü nəsil qatarlar kondisionerləşdirmə, mikroiqlim tələblərinə cavab verməsi, müasir elektron və informasiya sistemləri və kompyuter idarəetməsinin təchizatı ilə yanaşı, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) texniki-iqtisadi əsaslandırma irəli sürdüyü və bir sıra təklifləri də nəzərə alınaraq istehsal olunmuşdu. Bu, hərəkət tərkiblərinin vaqonlarında bir-birinə keçidin və gətirilən sonrakı dövrün vaqonlarında qapıların daha geniş olması sərnişin tutumunu artıran, ən əsası, onun minib-düşmə imkanlarının sürətləndirən amillərdən idi. Tutacaqların məhz yerli sərnişindaşıma tələbləri nəzərə alınmaqla quraşdırılması, əlil arabaları, yük üçün zonaların olması, USB panellər, müasir və qənaətli işıqlandırma, elektron informasiya panelləri və s. çoxsaylı üstünlüklər gələcəyə doğru addımların siqnalıdır. Bu gün metropolitendə 23 yeni nəsil qatarı və ya 115 vaqon var. Bu isə vaqon parkının 30 faizdən çoxunun yenilənməsi deməkdir. 2018, 2019 və 2022-ci illərdə gətirilən yeni nəsil qatarları ilə də Azərbaycan Prezidenti şəxsən tanış olub.
Bu gün metropolitenin, demək olar ki, bütün qatarları müasirləşdirilir. Sərnişindaşıma və texniki təhlükəsizliyin, müasir idarəetmə sistemlərinin tələblərinə cavab verən sistemlər əvvəlki nəsil qatarlarda da quraşdırılır. Bütün bunlar üçün indiyədək vaqonlar ölkə xaricinə çıxarılırdı. Buna çəkilən yol, gömrük, nəqliyyat, təmiri həyata keçirənin imkanları və şərtləri də daxil olmaqla, orta və əsaslı təmir olunan vaqonlara çəkilən xərclərə böyük təsir edirdi. 2014-cü ildən pilot layihə kimi yerli şəraitdə başlanan bu işlər 2017-ci ildən ən müasir sexdə həyata keçirilir. Nəticədə 6 il ərzində 20-yə yaxın qatarın bu qayda ilə modernləşdirilməsi metropolitenə əsaslı qənaətə nail olmağa imkan verib. Lakin ən əsası bununla ən müasir yeniliklər daha səmərəli və keyfiyyətli şəkildə qatarlarda tətbiq edilir. Bununla yanaşı, maddi-texniki bazanın yenidən qurulması, cari təmir, xidmət və qulluq üçün ehtiyat hissələri bazasının yaradılması, depoda aparılan yenidənqurma işləri zamanı əmək şəraiti, yeni imkanlar da sözünü deyir. Bu gün Bakı Metropolitenində yeni nəsil vaqonların təmir bazası yaradılmaqla, bunu icra edən mütəxəssislər korpusu yaradılıb.
Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfindən təsdiq edilib. Tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib. 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “İki sahil”in yeni qatarların ölkəmizə gətirilməsi ilə bağlı sualına cavabında bildirib ki, artıq müvafiq razılaşma var: “Yaxın 3 il ərzində 65 yeni nəsil vaqonları gətiriləcək. Bu vaqonlar texnoloji innovasiyalar baxımından 4-cü, yəni sonuncu nəsilə mənsub olacaq.”
B.Məmmədov qeyd edib ki, vaqonların istehsalı zamanı Bakı Metropoliteninin texniki şərtləri mütləq qaydada nəzərə alınacaq: “Ümumi götürdükdə, bundan sonrakı bir il ərzində Bakı Metropoliteninə 35, ondan sonrakı il ərzində 20 və nəhayət müqavilənin sonuncu ilində 10 yeni vaqon gətiriləcək. Bu vaqonların gətirilməsinin əsas məqsədi hazırda istismarda olan, lakin istismar müddətini başa vuracaq vaqonların yeni nəsil analoqları ilə əvəzlənməsidir.”
Onun sözlərinə görə, hazırda Bakı Metropolitenində texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 115 vaqon və yaxud 23 qatar var: “Qeyd etdiyim yeni gətiriləcək vaqonlarla metropolitenin vaqon parkı, ümumiyyətlə, lokomotiv təsərrüfatında əsaslı şəkildə yenilənmə davam etdiriləcək.”
Qeyd edilənlər haqqında söz açılması mümkün olan əhəmiyyətli yeniliklərin və xidmətlərin, sadəcə, bir qismidir. Lakin qarşıda daha böyük vəzifələr var. “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır” deyən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakı Metropoliteni inkişaf edəcək, böyüyəcək.

