FAO: İqlim dəyişməsi kənd yerlərində qadınların və kişilərin gəlirlərinə müxtəlif cür təsir edir
İqlim dəyişməsi kənd qadınlarının, eləcə də yoxsul və yaşlı kənd sakinlərinin gəlirlərinə çox pis təsir edir.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının saytına istinadla xəbər verir ki, bu barədə qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında deyilir.
“İqlim ədalətsizliyi” adlı hesabat hazırkı reallığı ortaya çıxarır: aşağı və orta gəlirli ölkələrdə hər il kənd yerlərində başçısı qadın olan ailə təsərrüfatları kişilərlə müqayisədə daha çox maliyyə itkisinə yol verir. Qadınların başçılıq etdikləri ailə təsərrüfatları kişilərin başçılıq etdikləri ailə təsərrüfatları ilə müqayisədə orta hesabla istilik stresi nəticəsində 8 faiz, daşqınlarda isə 3 faiz daha çox itki verir.
Əhalinin adambaşına düşən gəlirlərinin azalması istilik stresi nəticəsində 83 dollar, daşqınlar nəticəsində isə 35 dollar təşkil edir.
Əgər orta temperatur cəmi 1 dərəcə Selsi artarsa, o halda qadınların gəlirlərinin ümumi itkisi kişilərin itkiləri ilə müqayisədə 34 faiz yüksək olacaq. Tədqiqatın nəticələri onu sübut edir ki, əgər tədbirlər görülməzsə, kənd təsərrüfatı məhsuldarlığı ilə qadın və kişilərin əməyinin ödənilməsi arasında əhəmiyyətli fərq nəzərə alınmaqla iqlim dəyişməsi yaxın gələcəkdə bu fərqin xeyli artmasına gətirib çıxaracaq.
FAO aşağı və orta gəlirli 24 ölkədə 100 mindən çox kənd ailə təsərrüfatının (ümumilikdə 950 milyon nəfərdən çox) sosial-iqtisadi məlumatlarını təhlil edib. Bu informasiyadan müəyyən coğrafi rayonlarda son 70 il ərzində sutkalıq yağıntı və temperatur haqqında məlumatlarla birgə istifadə etməklə, hesabatın müəllifləri müxtəlif iqlim stres amillərinin əhalinin rifahı, cinsi və yaşı üzrə bölünməklə gəlirlərinə, əməyinə və uyğunlaşma strategiyasına təsirini öyrəniblər.
Məlumatların təhlili göstərib ki, təsir dərəcəsi təkcə cinsi amildən asılı olaraq deyil, həm də sosial-iqtisadi statusla əlaqədar da fərqlənir. İstilik stresi maliyyə baxımından firavan qonşularla müqayisədə 5 faiz çox itirən aztəminatlılar kateqoriyasına aid kənd ailə təsərrüfatlarında gəlirlərdə geriləməni dərinləşdirir. Buna bənzər vəziyyət daşqınlar halında da qeydə alınır.
Ekstremal hava şəraiti aztəminatlı kənd ailə təsərrüfatlarını çətinlikləri adlamanın qeyri-effektli strategiyasına əl atmağa məcbur edir: bu, gəlir mənbələrinin azaldılması, heyvanların satışı və ya xərclərin başqa fəaliyyətə yönləndirilməsidir. Uzunmüddətli perspektivdə bütün bunlar onların iqlim dəyişmələrinin fəsadlarına həssaslığını artırır.
Hesabatda qeyd olunur ki, sadalanan problemlərin həlli iqlim dəyişməsinə uyğunlaşma planında kənd əhalisinin müxtəlif təbəqələrinin imkanlarının genişlənməsinə yönələn ünvanlı tədbirlərin görülməsini tələb edir.
Sənədin müəllifləri qeyd edirlər ki, gender bərabərliyi, qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi məsələləri və iqlim dəyişməsi kimi hadisələrin nəticələrinə qarşı həssaslıq dövlətlərin əksəriyyətinin kənd təsərrüfatı siyasətində lazımi şəkildə əks olunmur. FAO-nun ötən il aşağı və orta gəlir səviyyəli 68 ölkədə apardığı kənd təsərrüfatı siyasətinin təhlili göstərib ki, müvafiq proqramların 80 faizi nə qadınların maraqlarını, nə də iqlim dəyişməsi problemini nəzərə almır.

