Cəmiyyət 

Yazda xəstəliklərdən necə qorunaq?

Havalar və mövsüm dəyişdikcə immun sistemi zəif olan insanlarda mövsümi, yoluxucu və respirator xəstəliklərə yoluxmalar daha ciddi və sürətli şəkildə baş verir. Əsas da yüksək risk qrupuna daxil olan insanlar (uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar) bu xəstəliklərə daha tez yoluxurlar. Bəzən bu xəstəlik günlərlə, aylarla davam edir və insan sağalmış kimi görünsə də sonradan onda xəstəlik daha da kəskinləşir. Bir çoxlarının xəstəliklərə yoluxmasının səbəbi immun sisteminin zəif olmasından qaynaqlanır.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, immun sistemini gücləndirmək üçün davamlı olaraq sağlam və keyfiyyətli qidalardan istifadə edilməlidir: “Çünki immun sisteminin möhkəmlənməsi prosesi bir gündə baş vermir. Bu, bir insan ana bətnində olduğu andan başlayır. Hətta ana və atanın yediyi qidalar belə gələcək fərdin formalaşmasında, orqanizminin sağlamlığında böyük rol oynayır. İmmun sistemimizi gücləndirmək üçün mütləq şəkildə mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Bu, həm vitamin-mineral dəyəri üçün önəmlidir, həm də lifli qida olduğundan bağırsağın mikroflorasının və hərəkətliliyinin tənzimlənməsini təmin edir. Bağırsaqlar immun sisteminin yaxşı olması üçün ən vacib orqanlardan biridir. Ona görə də onların funksiyasının pozulmaması üçün mütləq şəkildə lazımi qidalardan istifadə etmək vacibdir. Bu qidalar arasında ev üsulu ilə hazırlanmış qatığın xüsusi rolu var. Belə ki, bu qatıqdan gündə 1 stəkan yaxud 200 milliqram qəbul etmək bağırsaqların mikroflorasının normallaşmasına, probiotik və probiotiklərlə təmin olunmasına yardım edir. Həmçinin hər gün səhər yeməyində, yaxud günün birinci yarısında insanın bir ovucunu keçməyəcək qədər keyfiyyətli çərəzlər yeməsi immun sistemi üçün əvəzsiz vasitələrdən hesab olunur.

Zülal tərkibli heyvan mənşəli qidalardan, süd məhsullarından, sitrus meyvələrindən gündə ən azı bir dəfə qəbul edilməsi məsləhətdir. Həmçinin antioksidant qidalar var ki, bunlar arasında zəncəfil, soğan, sarımsaq, mövsümi giləmeyvələr immun sisteminin güclənməsinə kömək olur. Eyni zamanda, C vitaminli meyvələrin gün ərzində azı birinin qəbul olunması tövsiyə olunandır. Lakin bir çox insanların sitrus meyvələrinə qarşı allergiyası var. Bu halda onlar yaşıl, şirin bibərdən istifadə edə bilərlər. Şirin bibərdə C vitamini tərkibi əvəzsiz vasitədir. Bütün bunlarla yanaşı, gündəlik su miqdarına da mütləq diqqət etmək lazımdır. Belə ki, bir insanın orqanizmi normal çəkidədirsə, o hər kiloqrama görə 30 milli su qəbul etməlidir. Çünki qəbul edilən bütün qidalar su vasitəsilə parçalanır və tərkibindəki faydalı elementlər orqanizmə doğru  sovrulur. Həmçinin orqanizmdəki toksik maddələr su ilə xaric olunur. Su qəbul etməyən insanlarda mütəmadi baş ağrıları, immun sisteminin zəif olması və bir çox daxili orqanlarda xəstəliklərin yaranması kimi problemlər yarana bilər”.

Daha çox xəbərlər