Ermənilər başa düşməlidirlər ki, sülh bizdən daha çox onlara lazımdır – AÇIQLAMA
Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində xeyli məqamları əhatə edən tarixi çıxışı oldu. Orada son ehtiva olunan məsələ Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı idi. Prezident də qeyd etdi ki, özü bu məsələni sona saxlayıb. Bu, əslində məsələnin bizim üçün əhəmiyyətsizliyinin göstəricisidir. Bəli, biz beynəlxalq hüququn subyekti kimi, Ermənistana qonşu olaraq yanaşırıq. Amma bundan artıq yox.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.
Deputat bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh prosesinin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə ehtiyac yoxdur: “Artıq o dövr keçib. Azərbaycan özünə lazım olan hər şeyi əldə edib. Azərbaycan artıq Xankəndidədir, Şuşadadır, Zəngilandadır və s. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh olacaq və ya olmayacaq bunu daha çox Ermənistan düşünsün. Prezident İlham Əliyev də haqlı olaraq Azərbaycan-Ermənistan münasibətlərinin ikitərəfli məsələ olduğunu dəfələrlə bəyan edib. Ölkə başçısı, eyni zamanda, Münxen təhlükəsizlik konfransında həm ATƏT-in fəaliyyətdə olan sədri ilə, həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə görüşündə də açıq şəkildə ifadə etdi ki, Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq məsələ deyil. Gündəmdən düşməlidir. Görünən odur ki, ölkə başçısı İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə erməni məsələsini beynəlxalq gündəmdən salıb.
“Biz Ermənistanla sülh üçün xüsusi resurs, bu məsələyə xüsusi enerji sərf etməyəcəyik” söyləyən B.Məhərrəmov qeyd etdi ki, bunu bizim siyasətimizin prioritetinə çevirmək kimi arzumuz, niyyətimiz yoxdur: “Ermənilər başa düşməlidirlər ki, sülh bizdən daha çox onlara lazımdır. Bütövlükdə geosiyasi olaraq üstünlüyə malikik, əməliyyat şəraitinə nəzarət edirik. Ermənistan özünün dalan dövlət statusunu davam etdirmək istəyirsə, o zaman sülhə qarşı çıxsın. Yox, dalandan çıxmaq istəyirsə, nəhayət suverenlik, müstəqillik şansı əldə etmək istəyirsə, o zaman Azərbaycanla münasibətlərini normallaşdırmalıdır.
Biz Ermənistanla münasibətdə xarici siyasət kursumuzu dəyişə və yaxud bu dövlətlə münasibətləri o zaman prioritet istiqamətlətə çıxara bilərik ki, Ermənistan bu iddialardan əl çəksin. Sülh iradəsi ortaya qoysun. Bundan sonra biz mehriban qonşular kimi istər kommunikasiya xətlərinin açılması, istər digər istiqamətlərdə münasibətlərə xüsusi dəyər verəcəyik. Amma indiki halda bu mümkün deyil. Biz Ermənistanla münasibətlərin yoluna qoyulması ilə bağlı xüsusi səylər göstərmək niyyətində deyilik”.

