Fransanın vandalizm siması
Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı dünya mədəniyyətinə, incəsənətinə qarşı hücumdur
Azərbaycan tam suverinliyinə nail olduqdan sonra təcavüzkar ölkənin əli ilə Cənubi Qafqaza daxil olmaq istəyən və burada özünün təsir dairəsini yaratmaq niyyətində olan Fransa ölkəmizə qarşı beynəlxalq platformalarda qondarma müzakirələr açır, uğurlarımıza kölgə salmağa cəhdlər edir. Təkcə bir faktı xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasında ən azı 5 dəfə ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər göstərib. Amma “demokratiyadan, insan hüquqlarından” dəm vuran bu ölkə heç nəyə nail ola bilməyib. Buna baxmayaraq Fransa Qarabağda separatizmin kökünü kəsmiş, şanlı Zəfəri ilə bölgədə yeni reallıqlar yaratmış Azərbaycana qarşı öz çirkin əməllərindən əl çəkmir.
Bu mənada demək olar ki, Fransada Azərbaycanofobiya səngimək bilmir. Artıq son günlər sözügedən ölkədə son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də sirayət edib. Belə ki, ermənipərəst ünsürlər 2017-ci ildə Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın və eləcə də parkın mərkəzində ucaldılmış XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın heykəlini hədəfə götürüblər, daha doğrusu, onu qırmızı rəngə boymaqla yanaşı, bir neçə yerdən zədələyiblər. Mədəni irs nümunəsinə qarşı belə bir təcavüzün Fransada baş verməsi əlbəttə unacvericidir. Axı Makron da bilməmiş deyil ki, mədəni irsin siyasətlə heç bir əlaqəsi yoxdur.

Son məlumata görə, həmin abidə martın 4-də Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb. Şübhəsiz, Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm də dünya mədəniyyətinə, incəsənətinə və sənətin qarşı hücum kimi dəyərləndirilməlidir. Bu həm də Fransa hakimiyyətində azərbaycanofobiya, türkofobiya, islamafobiyanın hansı həd¬də çatdığını əyani şəkildə göstərir. Amma nədənsə bəzi beynəlxalq qurumlar buna göz yumurlar.

Bəli, Ermənistanın 30 il ərzində tarixi Azərbaycan ərazilərində törətdiyi vandalizmi bu gün Fransa öz torpaqlarında həyata keçirib. (Xatırladaq ki, erməni faşistləri Natəvanın abidəsini Şuşada gülləbaran etmişdilər). Şübhəsiz, Fransanın bu addımı erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını bir daha nümayiş etdirir. Bu isə o deməkdir ki, Aleksandr Dümanın və digərlərinin qoyub getdikləri ənənələri Azərbaycanofobiya kimi iyrənc ənənələr əvəzləyir. Bununla da Fransa öz gerçək simasını göstərir. Daha doğrusu, siyasi məqsədləri naminə, mədəni dəyərləri, sənət nümunələrini belə yerlə yeksan etməyə hazır olduğunu nümayiş etdirir. Şübhəsiz, bütün bunlar Fransanın Ermənistana olan “sevgi”sindən, onun “təəssübkeşini çəkməyindən” irəli gəlib. Yeri gəlmişkən, heykələ qarşı vandalizm aktı təkcə soydaşlarımızı deyil, yerli ictimaiyyəti də narahat edir. Məsələn, sabiq fransalı parlamentari Jan-Lük Reytzer Evian şəhərində tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin vandalizm aktına məruz qalmasından danışarkən bildirib: “Təəssüf ki, Fransada Azərbaycana qarşı olan digər mənfi hallar kimi, bu vandalizm aktı da Azərbaycana qarşı qarayaxma kampaniyasının ifadəsidir. Bunun səbəbi Azərbaycanla bağlı reallıqların yayılmasına mane olmaq və əsl vəziyyəti tamamilə təhrif edən medianın manipulyasiyasıdır”. O, həmçinin bildirib ki, bu vandalizm aktı cəzasız qalmamalıdır.
Qeyd edək ki, Azərbaycan özünün çox mədəniyyətli və çox dinli ənənəsinə uyğun olaraq Fransada bir çox kilsələrin bərpa edilməsinə böyük töhfələr verib. Bununla da Azərbaycan həm tarixi ənənəsini, həm də müxtəlif mədəniyyətlərə və dinlərə açıq olduğunu göstərib. Amma Fransa öz sevimli bacısının xatirinə elə addımlar atır ki…
Şübhəsiz, irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Yəni, bu gün Şuşa da, Natəvanın ata mülkü olan Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bir sözlə bütün Qarabağ azaddır. Yeri gəlmişkən, 30 il bundan əvvəl separatçılar Azərbaycan musiqisinin beşiyi Şuşanı işğal etdikdən sonra Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstlərini güllələmişdilər. Heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə İrəvana, sonra da Gürüstana aparmışdılar. Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görmüş və bununla bağlı müvafiq qurumlara məlumat vermişdilər. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsindən sonra heykəllər Bakıya gətirilmişdir. 2020-ci il 8 noyabrda Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Şuşa şəhərini işğaldan azad etdikdən sonra yurd-yuvasından didərgin düşmüş, məcburi köçkünə çevrilmiş “Güllələnmiş heykəllər”in də həsrətinə son qoyulmuşdu. Gün gələcək, Natəvanın heykəli də yenidən öz yerində ucalacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”


