Makronun Fransanı rüsvay edən siyasəti: Qeyri-ciddi, utancverici, boşboğaz…
Planetin müxtəlif yerlərində indiyədək bir sıra xalqları əsarət altında saxlamaqla, onların müstəqilliklərini boğmaqla, soyqırımları törətməklə, sərvətlərini talamaqla məşğul olan Fransa Cənubi Qafqazda da bu niyyətini gerçəkləşdirmək üçün dəridən-qabıqdan çıxır. Bu isə o deməkdir ki, əsrlər keçsə də, Fransanın dövlətçilik təfəkkürü hələ də dəyişməyib. Elə bu ölkənin orta əsrlərdə yaranmış müstəmləkəçilik siyasətini bu gün də davam etdirməsi bunu bir daha təsdiq edir. Hətta bu məqsədlə Cənubi Qafqazda yeni bir müharibə ocağıa qalamağa, regionu xaosa sürükləməyə cəhdlər edir. Belə ki, Fransanın Ermənistana böyük miqdarda silahlar verməsi, o cümlədən müdafiə nazirinin və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin təcavüzkar ölkəyə səfərləri, üstəlik Hindistan, Yunanıstan kimi dövlətləri də öz ardınca aparmağa çalışması şübhəsiz, təcavüzkar ölkəni müharibəyə sürükləməyə xidmət edir. Elə bu kimi səbəblərdən Fransa bölgədə, daha doğrusu, Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir. Hətta Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışır. Şübhəsiz, Fransanın bu cəhdləri bulanıq suda balıq tutmağa bənzəyir.
Makron Fransası ümid edir ki, təcavüzkar ölkəni silahlandırmaqla bölgədə gərginlik yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Makron anlamalıdır ki, atdığı ı bu addımlarla heç nə əldə edə bilməyəcək. Çünki Azərbaycan öz ərazilərini istənilən təcavüzdən qorumağa qadirdir. Ölkəmizin 44 günlük Vətən müharibəsindən, eləcə də lokal əməliyyatlardan qalib çıxmış və sonrakı müddətdə daha da güclənmiş qüdrətli ordusu var.

Amma bu gün görünən budur ki, bölgədə möhkəmlənmək istəyən Fransa Cənubi Qafqazda özünü BMT və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparır və kolonizator simasını gizlətmir. Rəsmi Bakı öz düşünülmüş siyasəti isə bu ölkənin müstəmləkəçilik siyasətini iç üzünü açmaqla Makronun ümidlərini puça çıxarmaqdadır. Belə ki, Azərbaycanın liderliyi və təşəbbüsləri ilə Fransanın müstəmləkəçilik və kolonializm siyasəti qlobal səviyyədə ifşa edilir. İndiyədək respublikamızda bununla bağlı keçirilən beynəlxalq konfranslar Fransanın əsarətində olan xalqların azadlıq mücadilələrinə böyük təkan verir. Yeri gəlmişkən qeyd edək ki, bu günədək Fransanın müstəmləkəçilik siyasətinə belə zərbə vurulmayıb.
Makronun rəhbərlik etdiyi Fransa təkcə Cənubi Qafqazda deyil, Ukraynada da özünü jandarm kimi aparmağa cəhdlər edir. Bununla da Makron Fransa dövlətini bir daha bütün dünyada rüsvay edir. Məsələn, bir neçə gün əvvəl o, NATO hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları verib. Lakin Makronun təşəbbüsü dəstəklənməyib. ABŞ-dan Almaniyaya qədər, eləcə də digər avropalı müttəfiqlərin böyük əksəriyyətinin liderləri Fransa prezidentinin şərhlərini qəbul etməyərək bildiriblər ki, Ukrayna torpaqlarına əsgər göndərməkdən söhbət belə gedə bilməz. Çünki onlar yaxşı dərk edirlər ki, avantürist Makronun niyyəti Avropa İttifaqı, NATO və Rusiya arasında gərginliyi pik nöqtəyə çatdırmaqdır.
Bununla da Fransa prezidenti özünü növbəti dəfə gülünc vəziyyətə salıb. Şübhəsiz, bu bir daha Fransa prezidentinin nə qədər qeyri-ciddi siyasətçi olduğunu nümayiş etdirir. Görünən budur ki, Fransa prezidenti öz müttəfiqləri içində, yəni Avropa Birliyi və NATO daxilində də ciddi siyasətçi kimi qəbul edilmir. Bu isə Fransa kimi dövlətin adına utancvericidir. Yeri gəlmişkən qeyd edək ki, E.Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı söylədiyi fikir ölkə daxilində də mənfi qarşılanıb. Xatırladaq ki, Fransa rəhbəri 26 fevral tarixində Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələri ilə Rusiya-Ukrayna münaqişəsində Kiyevə gələcək dəstəyi müzakirə edib. Görüşdə NATO və Aİ quru qoşunlarının gələcəkdə Ukraynaya göndərilməsinin mümkünlüyü mövzusu qaldırılıb.
Bəli, Makron planetin hər hansı nöqtəsində baş verən istənilən hadisəyə imper təfəkkürlə münasibət bildirməyi özünə borc bilir, amma onun fəaliyyəti danışmaqdan uzağa getmir. Bu mənada demək olar ki, 2 ildir davam edən müharibədə Ukraynaya normal yardım belə göstərməyən Makron ancaq boşboğazlıq edir. Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Fransa Müdafiə Nazirliyi iki il ərzində Ukraynaya ölkə tərəfindən göstərilən hərbi yardımın tam siyahısını açıqlayıb. Siyahıda göstərilir ki, 2022-ci il fevralın 24-dən 2023-cü il dekabrın 31-nə olan məlumata görə, Fransa Ukraynaya hərbi yardım üçün 2,615 milyard avro vəsait xərcləyib.
Görünür, Makron boşboğazlığı Ukraynanı silahlandırmaq kimi qəbul edir. Amma əsl həqiqət budur ki, Makronun bu boşboğazlığı öz liderliyini sırımaq istəyindən irəli gəlir. Bəli, bu gün Makron Avropanın seçilən və ən fəal liderlərindən biri kimi tanınmaq istəyir. Amma onun bu yaxınlarda NATO ölkələrinin Ukraynaya hərbi qüvvə göndərməsi ilə bağlı məsuliyyətsiz təklifinin həmkarları tərəfindən süngü ilə qarşılanması bir daha göstərdi ki, Makron nəinki Fransa prezidentinə, heç bu ölkənin kiçik bir şəhərinin merinə belə layiq deyil.
Nə qədər qəribə olsa da Makron indi də Moldovada missiya yaradır. Amma anlaşılan deyil ki, bu missiyanı yaratmaqda məqsəd nədir və rəsmi Paris bununla nə etmək isyəyir. Görünür, boşboğazlıq, çərənləmək onun alnına yazılıb.

