Gündəm 

Makron hara, bəşəri dəyərlər hara…

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm islamofobiyanın ən bariz nümunəsidir

Azərbaycan tam suverinliyinə nail olduqdan sonra “bacı”sı Ermənistanın vəkili kimi çıxış edən, təcavüzkar ölkənin əli ilə Cənubi Qafqaza daxil olmaq istəyən və burada özünün təsir dairəsini yaratmaq niyyətində olan Fransada İslamofobiya, Azərbaycanofobiya səngimək bilmir. Belə ki, beynəlxalq platformalarda ölkəmizə qarş açdığı qondarma müzakirələrdən bir nəticə hasil edə bilməyən Fransanın  anti-Azərbaycan siyasəti son aylar  mədəniyyət və incəsənət sahəsinə də sirayət edib.

Elə 2017-ci ildə Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın və eləcə də parkın mərkəzində ucaldılmış XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın heykəlinin erməni diasporunun sifarişi ilə hədəfə götürülməsi,  daha doğrusu, bir neçə yerdən zədələlənməsi buna sübutdur. Son məlumata görə, həmin abidə martın 4-də Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb. Bu fakt həm də Fransanın sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu bir daha nümayiş etdirir. Halbuki, görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır. Görünür, Makron belə bir dostluğun nə olduğunu dərk edə bilmir. Bununla o, həm də Dümanın ruhuna hörmətsizlik nümayiş etdirib. Şübhəsiz, bu hörmətsilik Fransanın Ermənistana olan sevgisindən irəli gəlib. Bu addım həm də Ermənistanın və Makron Fransasının hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Xatırladaq ki, erməni faşistləri də Natəvanın abidəsini Şuşada gülləbaran etmişdilər. Özü də bu, beynəlxalq hüquqdan, mədəni irsin qorunmasından ağızdolusu danışan Fransanın gözləri qarşısında baş vermişdir. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz erməni faşistlərini ərazilərimizdən qovduqdan sonra bu milli irsi, tarixi ədaləti bərpa edilmişdir. Belə ki, Natəvanın həmin abidəsi yenidən Şuşaya qaytarılmış, həmçinin onun Ağdamda qəbirüstü abidəsi bərpa edilmişdir. Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azadlığa qovuşmuşdur.

Şübhəsiz, Fransanın bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisası almağa yönələn addımdır. Bu, həm də Emmanuel Makronun idarə etdiyi Fransa rəsmilərinin  Azərbaycanın müstəqil siyasətini, Bakıda təşkil edilən neokolonizmə qarşı beynəlxalq konfransları qəzəblə qarşılamalarından xəbər verir. Bəli, Azərbaycan son illər islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksəksəviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Yeri gəlmişkən qeyd edək ki, martın 8-9-da Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda və bu tədbir çərçivəsindəki aralıq sessiyalarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm islamofobiyanın ən bariz nümunəsi kimi xarakterizə olunub. Həmçinin bu vandallıq aktı Fransanın ölkəmizə qarşı siyasəti ilə bağlı olduğu bildirilib.

“XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır”. Bu fikirləri Prezident İlham Əliyevin sözügedən beynəlxalq konfransın iştirakçılarına məktubunda ifadə edilib. Həmin məktubda həmçinin vurğulanıb ki, Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. Amma onların bu cəhdləri boşa çıxmaqdadır. Şübhəsiz,  Azərbaycanın haqq yolunda davam etdirdiyi siyasət nəticəsində Fransa hakimiyyəti Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı da aradan qaldıracaq. Gələcəkdə məhz həmin yerdə “Xurşidbanu Natəvan poeziyası günləri” keçiriləcək.

Bəli, bir zaman Natəvan  “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr Dümanı şahmat oyununda mat qoymuşdu. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə etmişdir. Azərbaycanın da öz düşünülmüş gedişləri ilə bütün dünya qarşısında Fransanı mat qoyacağı şübhəsizdir. O gün uzaqda deyil.

Daha çox xəbərlər