Doğma torpaqlara üz tutan köç karvanları…
30 illik işğal dövrü arxada qalıb. İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni həyatın təməli qoyulur. Daha vaxtilə qaçqın, məcburi köçkün deyilən status da yoxdur. Qədim yurd yerlərimiz müasir görkəmə salınır. Hər yanda tikinti-quruculuq işləri aparılır.
Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən bu il də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün sürətli işlər görülür.
Məlumdur ki, Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biridir. Bu məqsədlə qəbul və icra olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş bütün hədəflər öz axıcı ritmi ilə yerinə yetirilməkdədir. Bununla da keçmiş məcburi köçkün ailələrinin doğma torpaqlarında layiqli şəkildə yaşayışı təmin ediləcək. Eyni zamanda, həmin ərazilərdə iqtisadi inkişaf layihələri icra olunacaq, insanların sahibkarlıq və kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olması, digər irimiqyaslı sərmayə proqramlarının həyata keçirilməsi, həmin bölgənin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində ardıcıl addımlar atılacaqdır.
İndi doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura bürünür. Tikilib qurulan hər kənd, şəhər dövlətin iqtisadi gücünün göstəricisinə çevrilir. Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış prosesi ötən müddət ərzində bir çox ərazilərimizi əhatə etdi. Laçın şəhəri, Zabux kəndi, Tərtər rayonunun Talış kəndi, Füzuli şəhəri və digər bərpa edilən ərazilər üzrə köç karvanları böyük coşqu ilə bu gün də davam etdirilir. Fevralın 28-də növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Bu dəfə, daha 24 ailə – 89 nəfər Laçına qayıdıb. İndiyədək Laçın şəhərinə 672 ailənin, yəni 2513 nəfərin daimi məskunlaşması təmin edilib. Dövlətimizin onlara hər cür şərait yaratdığını vurğulayan vətəndaşların sözlərinə görə, doğma yurdun yerini heç nə vermir.
Cari ildə də Böyük Qayıdış Proqramı çox intensiv və uğurla icra olunur. Doğma yurda qayıdış üçün növbəti hədəf Xocalı və Xankəndidir. Bu ilin ilk 6 ayında tarixi dədə-baba torpaqlarımız Xocalıya və Xankəndinə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır. Bu il yanvar ayının 30-na kimi 1360 ailə, 5354 nəfər doğma yurdlarına qayıdıb. 2026-cı ilədək 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulur.
Böyük Qayıdışa dair Dövlət Proqramında işğalından azad edilmiş Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında əhalinin mərhələli şəkildə məskunlaşdırılması tədbirləri ilə paralel olaraq onların kənd təsərrüfatı ilə məşğul olması, ailə və fərdi təsərrüfatlarının yaradılması, kiçik biznes imkanlarının stimullaşdırılması məqsədilə torpaq ehtiyatları və digər resurslarla təmin olunması da diqqətdədir. Hazırda həmin ərazilərdə torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsi, torpaq islahatlarının aparılması ilə bağlı plan hazırlanır. Bu plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi təmin olunacaq. Pay torpaqlarının verilməsi onların ailə təsərrüfatları yaratmasına, aqrar layihələr icra etməsi və dayanıqlı məşğulluq, eləcə də gəlir əldetmə imkanlarının təmin edilməsinə səbəb olacaq.
Azad edilmiş ərazilərdə çalışan işçilər 2023-cü ildən etibarən sosial güzəştlərlə də əhatə olunub. Belə ki, “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunublar. Bu da bölgəyə marağm artmasında mühüm amillərdən biridir. Həmin ərazilərdə işləyənlər üçün həm də birdəfəlik ödənişlər də verilir. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərində işləyən orta ixtisas və ali təhsili olan mütəxəssislər bu güzəşti əldə edirlər. Bu güzəştlər son nəticədə azad edilmiş ərazilərdə istehsal, emal, ticarət və xidmət infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, investisiya layihələrinin həyata keçirilməsini stimullaşdıracaq, sərmayə bumunu təmin edəcəkdir.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış bir çox iqtisadi sektorlara da yeni nəfəs verəcək, qeyri-neft sektoruna əlavə dəyərinin yaranmasını stimullaşdıracaqdır.

