Cəmiyyət 

Bu, narkotik qaçaqmalçılığıdır, yoxsa ?…

İran sərhədini yüz dəfələrlə pozanlara özü şərait yaradır

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları bu günlərdə “Narkotələ-40” adlı əməliyyatlar keçiriblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in  Narkotiklərlə Mübarizə Baş İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla “qara bazar”da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxtda və ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.

Masallı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, polis əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Diqqət edin, bir ayda 40 əməliyyat. O hesabdan il ərzində yüzlərlə belə fakt gətirə bilərik. Düşündürücüdür, bu miqyasda qadağan olunmuş narkotik satışı sadəcə alverləmi bağlıdır? Cavabı aldadıcı da ola bilər, yəni deyə bilərlər ki,  İranda kənd yerlərinin əhalisi səfalət və yoxsulluq həddindədir, ona görə adamlar əlacsızlıqdan bu cinayətə əl atırlar. “Ac qılınca çapar”,- deyiblər. Hərçənd ki, cinayət törətməklə pul qazanmaq buna bəraət  vermir. Ancaq narkotik qaçaqmalçılığı heç də İran əhalisinin kasıblığı ilə əlaqədar deyil. Bu ehtimal əsl niyyətin üstünü pərdələmək məqsədi güdür. Niyyət isə tamamilə başqadır. Çünki İran Azərbaycana əksər hallarda narkotiklə bərabər  zərərli dini ədəbiyyatlar və konkret təlimatlar da “ixrac” edir. Əsas məsələ də elə bundadır. Molla rejimi narkotiklə iradəsi zəif olan soydaşlarımızı düz yoldan çıxarmaq, dini ədəbiyyatla onların beyinlərini yuyub manqurta çevirmək kimi iyrənc plan üzrə hərəkət edir. Sual olunur:  Qaçaqmalçılar sərhəddən necə keçirlər, bunların qarşısını alan niyə yoxdur? İranın sərhəd qoşunları hara baxır? Cavab sadədir, deməli, qaçaqmalçıların sərhəd xəttini keçmələrinə dövlət qurumlar şərait yaradırlar. Bilirik ki, bu ölkədə ən kiçik cinayət törədənlər sərt cəzalara məruz qoyulurlar. Narkotik qaçaqmalçılığına göz yumulması  isə hakimiyyətin bu cinayətlərə loyal münasibətinin olduğunu açıq sübut edir. Belə olmasa yüzlərlə sərhəd pozucuları yaxalanar, cinayət məsuliyyətinə cəlb olunar, ağır cəzalandırılar və  bu, başqalarına da dərs olar. Ancaq aidiyyəti dövlət orqanları bunları bilə-bilə heç bir tədbir görmürlər. Çünki bütün bunların hamısı Azərbaycanda hakimiyyətin dəyişdirilməsinə, əvəzində mücərrəd dini “Kərimə” dövləti qurulmasına xidmət edir. Onu da deyək ki, bu məqsədlə narkotik alverindən gələn pullarla Azərbaycanda casus şəbəkəsi saxlanılır, silahlar alınır, əhali arasında zərərli əks-təbliğat aparılır, qruplar təşkil edilir. Hətta qrup üzvləri arasında vəzifə bölgüsü aparılır, şirnikləndirmə vasitəsi ilə yeni üzvlər cəlb olunur. Bakının Nardaran kəndində yuva salmış separatçı Taleh Bağırzadənin başçılığı altında dəstənin polislə yaratdığı silahlı qarşıdurma hələ də yadımızdan çıxmayıb. Orada polisin qanuni xəbərdarlıqlarına baxmayaraq əlbəyaxa döyüşdə ölən və yaralananlar olmuşdu. Başqa silahlı çıxışlar da təşkil edilmişdi.

Bu yaxınlarda İranın “Səhər” televiziyasının aparıcısı guya bizi təbrik  edərək adəti üzrə ünvanımıza zəhər yağdırdı.  Hiyləgərliklə guya işğalçı Ermənistana xitabən bildirdi ki, adam özgəsinin çuvalından pay ummaz, özgələrin torpağına göz dikməz. Şükür ki, Qarabağ torpaqları şiələrə qayıtdı, məscidlərdə donuz saxlayanlar oradan qovuldu. Fikir verin, görün nə deyir: “şiələrə qayıtdı.” Bu sözlə də azərbaycanlılar arasında nifaq, təfriqə salmaq niyyəti güdülür.  Çarşablı aparıcının bu saxta “təbrikindən” belə pis qoxu gəlir. Görəsən o, bunları nə üçün deyirdi? Başı qonşusunun “çuvalında” olanlar başqalarının adlarını hallandıranda niyə utanmırlar? Əslində onun sözləri səmimi təbrik yox, suyu bulandırmaq, öz adını özgəyə qoymaq, etdikləri şərəfsizliyi başqasının üzərinə yükləmək cəhdidir. Bəyəm biz o qədər sadəlövhük ki, ağ yalanlara inanaq?  Ancaq daha keçməz.

Şeytan rejiminin kirli-pasaqlı siyasətçilərinin son üç ildə gah açıq, gah da gizli formada Azərbaycan əleyhinə düşmənçilik etmələri göz qabağındadır. Birinci və İkinci Qarabağ müharibələri gedişində  Ermənistanın yanında olan və ona hərtərəfli yardım göstərən İslamın düşmənləri bizim qarşımıza “qırmızı xəttlər” qoymaqla faktiki olaraq kimin tərəfində durduqlarını göstərdilər. Ancaq molla rejiminin başbilənləri başa düşmürlər ki, ərazimizdə iki yüz il at oynadan ermənilərin acı aqibəti farsları da gözləyir. Onların da bədəl ödəmə vaxtı gələcək. Artıq-əskik hərəkətləri ilə özləri o günü daha da yaxınlaşdırırlar. Çünki yedikləri “soğan” içlərini göynədir və dingildədir. Quyunu gen və dərin qazanlar axırda ora özləri düşəcəklər. O zaman “qardaş” dedikləri haylar onlara əl uzatmayacaqlar, çünki onların əli İranın qatı düşmənləri olan Qərb ölkələrinin ətəyindədir.

Daha çox xəbərlər